Paytaxt Bakıda fəaliyyət göstərən aparıcı xəstəxanalardan birinin – “Caspian International Hospital” MMC-nin (VÖEN – 1701111241) dövlət büdcəsinə böyük həcmdə vergi borcu yaranıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, “Caspian International Hospital”ın 23 iyun 2026-cı il tarixinə olan vergi borcu 29 milyon 357 min 570 manat 92 qəpik təşkil edib.
Məlumat üçün bildirək ki, 2010-cu ildə VÖEN alan “Caspian International Hospital” MMC-nin nizamnamə kapitalı 10 manatdır. Hüquqi ünvanı Səbail rayonu, Əlibəyov qardaşları küçəsi, ev 67, mənzil 29-da yerləşən MMC-nin qanuni təmsilçisi Abbasov Cəbrayıl Neymət oğludur.
Qeyd edək ki, Cəbrayıl Abbasov eyni zamanda “Medical Organization” MMC-nin də (VÖEN – 1805978751) qanuni təmsilçisidir.
Onu da bildirək ki, dövlət büdcəsinə 29,3 milyon manat vergi borcu olan “Caspian International Hospital”ın sosial şəbəkə hesablarında davamlı reklam paylaşımları edilir. Yayılan məlumatlardan açıq şəkildə görünür ki, böyük məbləğdə borcunun olmasına baxmayaraq, “Caspian International Hospital” öz fəaliyyətini davam etdirir.
Xatırladaq ki, Azərbaycan Konstitusiyasının 73-cü maddəsində qeyd olunur ki, qanunla müəyyən edilmiş vergiləri və digər dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Eyni zamanda, Vergi Məcəlləsinin 65-ci maddəsi vergi orqanlarına vergi borcu olan vergi ödəyicilərinin bank hesabları üzərində sərəncam vermək səlahiyyəti verir. Bundan başqa, Cinayət Məcəlləsinin 213-cü maddəsinin tələblərinə əsasən, vergi orqanları vergiödəyicisi barəsində cinayət işi aça bilər. Cinayət Məcəlləsinin tələblərinə görə, 500 min manatdan çox (xüsusilə külli miqdarda) vergi borcu olan vergiödəyiciləri beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilərlər.


