Banklar kiberhücumdan necə qorunmalıdır?

İQTİSADİYYAT
11:12 / 25.06.2026
179

İyunun 24-də ölkənin ödəniş infrastrukturunda baş verən texniki problem bir sıra bankların müştərilərinin kart hesablarında uyğunsuzluqlara səbəb olub. 

“Azərikard” Prosessinq Mərkəzinin yaydığı məlumata görə, yaranmış vəziyyət banklararası hesablaşmaların emalı prosesində meydana çıxan texniki təkrarlanmalarla əlaqədardır. Hadisə bir neçə maliyyə qurumunun fəaliyyətinə təsir göstərdiyindən, sosial şəbəkələrdə və ictimaiyyətdə geniş müzakirələrə səbəb olub. 

Bir çox vətəndaş hesablarında gözlənilməz dəyişikliklər müşahidə etdiyini, bəzi hallarda isə vəsaitlərinə müvəqqəti çıxış imkanının məhdudlaşdığını bildirib. Bu cür hallar rəqəmsal bankçılıq xidmətlərindən istifadənin genişləndiyi dövrdə maliyyə sisteminin dayanıqlılığı ilə bağlı sualları yenidən gündəmə gətirib.

Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov Hit.az-a açıqlamasında deyib ki, bankların kiberhücumlardan qorunması çoxşaxəli yanaşma tələb edir: 

402765

“İlk növbədə, müştərilər maarifləndirilməli və təhlükəsizlik qaydaları barədə mütəmadi məlumatlandırılmalıdır. Əksər hallarda problem istifadəçilərin ehtiyatsız davranışlarından qaynaqlanır. Belə ki, bəzi şəxslər bank kartı və hesab məlumatlarını üçüncü şəxslərlə paylaşır, yaxud etibarlı olmayan və şübhəli internet saytlarında alış-veriş edərək məlumatlarını həmin platformalara daxil edirlər. Nəticədə isə kart hesablarından vəsaitlərin qanunsuz şəkildə çıxarılması halları baş verir”.

Ekspertin dediyinə görə, bank əməkdaşlarının da davamlı şəkildə təlimatlandırılması da vacibdir: 

“Onlar üçün mütəmadi təlimlər təşkil edilməli, müxtəlif sınaqlar keçirilməli, xüsusilə fişinq hücumları və şübhəli keçidlərə qarşı diqqətli davranış vərdişləri formalaşdırılmalıdır”.

Həmsöhbətimiz qeyd edib ki, maliyyə əməliyyatlarının təhlükəsizliyi yalnız bir təsdiq kodu ilə təmin oluna bilməz: 

“Bu istiqamətdə çoxpilləli təhlükəsizlik mexanizmləri tətbiq edilməlidir. Eyni zamanda, bankların proqram təminatı müasir təhdidlərə uyğun olaraq daim yenilənməli və təkmilləşdirilməlidir”.

Günel  Cəlilova

0