"Arzum"un hökmü təxirə salındı

İQTİSADİYYAT
12:07 / 25.06.2026
50

Avtomobil qəzasında bir nəfərin ölümü və digərinin xəsarət almasında təqsirləndirilən "Arzum 9999" ləqəbli tiktoker İlduzə Hacıyevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Oxu.Az-ın məlumatına görə, Xəzər Rayon Məhkəməsində keçirilən prosesdə tiktokerin vəkilləri Hikmət Əliyev və Fərid Həsənov gəlmədikləri üçün məhkəmə təxirə salınıb.

Qeyd edək ki, bu gün keçirilməsi nəzərdə tutulan sonuncu prosesdə hökmün elan edilməsi gözlənilirdi.

Məhkəmənin yekun iclası iyulun 2-nə təyin edilib.

Xatırladaq ki, dövlət ittihamçısı Nərmin Tahirzadə ittiham nitqi ilə çıxış edərək məhkəmədən tiktoker "Arzum"un 3 il sürücülük hüququndan məhrum edilməsi və məhkəmə zalından həbs olunmaqla 5 il 9 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Onu da qeyd edək ki, hadisə 2025-ci ilin iyununda paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində qeydə alınıb. Qəza nəticəsində qarşı tərəfdən bir nəfər ölüb, digəri isə ağır xəsarət alıb. İstintaq dövründə bloqer "Arzum" barəsində "başqa yerə getməmək barədə iltizam" qətimkan tədbiri seçilib.

"Arzum" ləqəbli tiktokerə qarşı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması - ölümlə nəticələndikdə) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham irəli sürülüb.

0