Kriptovalyuta ilə bağlı qanun gündəmdədir: Nələr dəyişəcək?

İQTİSADİYYAT
13:10 / 30.06.2026
171

Kriptovalyuta və digər rəqəmsal aktivlərin hüquqi statusunun müəyyənləşdirilməsi Azərbaycanda maliyyə sektorunda yeni mərhələnin başlanğıcı hesab olunur. 

Hazırda bu istiqamətdə qanunvericilik bazasının formalaşdırılması prosesi davam edir və gözləntilərə görə, müvafiq qanun 2026-cı ilin sonuna qədər qüvvəyə minə bilər. Bununla bağlı hazırlanmış qanun layihəsi artıq Azərbaycan Mərkəzi Bankı tərəfindən yekunlaşdırılıb və baxılması üçün aidiyyəti dövlət qurumlarına təqdim edilib.

Yeni hüquqi mexanizmin tətbiqi rəqəmsal aktivlər bazarında fəaliyyət göstərən şəxslər üçün daha aydın oyun qaydaları formalaşdıracaq. Eyni zamanda, investorların hüquqlarının qorunması, bazarın şəffaflığının artırılması və bu sahəyə marağın genişlənməsi baxımından da mühüm dəyişikliklər gözlənilir. 

Bəs qəbul olunacağı gözlənilən bu qanun hansı yenilikləri ehtiva edir və onun ölkənin rəqəmsal maliyyə ekosisteminə verəcəyi əsas töhfələr nələr olacaq?

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Hit.az-a açıqlamasında deyib ki, Azərbaycanda virtual aktivlər və kriptovalyuta bazarını tənzimləyən qanunun qəbul edilməsi rəqəmsal maliyyə sektorunun hüquqi əsaslarının formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır:

403171

“Hazırda bu sahədə fəaliyyət əsasən ümumi qanunvericilik normaları ilə tənzimləndiyindən, yeni qanun həm bazar iştirakçıları, həm də investorlar üçün daha aydın və şəffaf hüquqi mühit yaradacaq. Qanunun əsas məqsədi virtual aktivlərin hüquqi statusunu müəyyənləşdirmək, bu sahədə xidmət göstərən platformaların və şirkətlərin fəaliyyət qaydalarını tənzimləmək, lisenziyalaşdırma mexanizmlərini tətbiq etmək və maliyyə sabitliyini qorumaqdır. 

Eyni zamanda, çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi risklərinin azaldılması, istehlakçı hüquqlarının qorunması və bazarda şəffaflığın artırılması da əsas hədəflərdən biridir. Yeni hüquqi çərçivə investorların hüquqlarının daha etibarlı şəkildə qorunmasına, bazara olan etimadın artmasına və yerli, eləcə də xarici investisiyaların cəlb edilməsinə müsbət təsir göstərə bilər”.

Ekspert bildirib ki, hüquqi tənzimləmənin mövcudluğu innovativ maliyyə texnologiyalarının inkişafını sürətləndirə, fintex ekosisteminin genişlənməsinə və yeni biznes modellərinin formalaşmasına şərait yarada bilər: 

“Bununla yanaşı, qanunun qəbulundan sonra kriptovalyuta xidməti göstərən şirkətlər üçün hesabatlılıq, risklərin idarə olunması, müştərinin tanınması və digər uyğunluq tələbləri tətbiq ediləcək. Bu isə bazarda qeyri-qanuni fəaliyyətlərin qarşısının alınmasına və beynəlxalq standartlara uyğun fəaliyyət mühitinin yaradılmasına xidmət edəcək.

Nəticə etibarilə, gözlənilən qanun yalnız kriptovalyuta bazarını hüquqi baxımdan tənzimləyən sənəd deyil, həm də Azərbaycanın rəqəmsal iqtisadiyyatının inkişafına, maliyyə innovasiyalarının təşviqinə və beynəlxalq maliyyə sisteminə inteqrasiyanın gücləndirilməsinə yönəlmiş strateji addım kimi qiymətləndirilə bilər”.

Günel Cəlilova

0