Dənizkənarı evlərin qiyməti süni şəkildə artır?

İQTİSADİYYAT
11:55 / 06.07.2026
152

Yay mövsümünün başlaması ilə dənizkənarı ərazilərdə yerləşən bağ evlərinə maraq əhəmiyyətli dərəcədə artır. 

İstirahətini şəhərin səs-küyündən uzaqda keçirmək istəyənlərin çoxalması satış və kirayə bazarında qiymətlərin də sürətlə yüksəlməsinə səbəb olur. Lakin son illər bazarda formalaşan məbləğlər bir çox vətəndaşın büdcəsini üstələyir və bu vəziyyət qiymətlərin obyektiv bazar şərtləri ilə, yoxsa süni şəkildə şişirdilməsi ilə bağlı suallar yaradır.

Daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Azadov Hit.az-a açıqlamasında deyib ki, hər hansı bir bazara ciddi şəkildə təsir göstərmək mümkün deyil:

403716

“Qiymətlər əsasən tələb və təklif əsasında formalaşır. Tələb nə qədər yüksək olarsa, qiymətlər də bir o qədər artır. Pandemiyadan sonra Bakıda fərdi evlərə tələbat əhəmiyyətli dərəcədə artdı. Həmin dövrdən etibarən fərdi yaşayış evlərinə, xüsusilə də bağ evlərinə investisiyalar çoxaldı. Bu istiqamətdə işlər hazırda da davam edir. Hər il Bakı və Abşeron ərazisində minlərlə yeni bağ evi tikilir, mövcud evlər isə təmir olunaraq müasir dizayn və standartlara uyğunlaşdırılır”.

Ekspert qeyd edib ki, daxili turizm inkişaf etdikcə ölkəyə gələn xarici turistlərin sayı da ildən-ilə artır:

“Son illərdə yay mövsümündə Azərbaycana gələn turistlərin sayı 270 mindən çox olub. Onların əksəriyyətini Rusiyadan gələn turistlər təşkil edir. Bu turistlərin əsas seçimləri isə dənizkənarı ərazilərdə yerləşən bağ evləridir. Nəticədə həm yerli əhalinin, həm də xarici turistlərin artan tələbi bazarda qiymətlərin yüksəlməsinə səbəb olur”.

Günel Cəlilova

0