Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının balansında olan müxtəlif təyinatlı nəqliyyat vasitələri və xüsusi texnikalar hərraca çıxarılır.
Hit.az xəbər verir ki, hərrac sentyabrın 1-də keçiriləcək. Satışa ümumilikdə 30-dan çox texnika, o cümlədən yük avtomobilləri, xüsusi təyinatlı maşınlar, ekskavator-yükləyicilər, qoşqular və minik avtomobilləri çıxarılıb.
Hərraca təqdim edilən texnikalar arasında 2001-ci il istehsalı olan KamAZ 43114 yük avtomobilləri, 1970-1980-ci illərdə istehsal edilmiş ZIL-131 markalı xüsusi təyinatlı maşınlar, 2007-ci il istehsalı olan Amkodor 702E ekskavator-yükləyicilər, eləcə də müxtəlif qoşqular yer alır.
Siyahıda həmçinin 2002-ci il istehsalı Daewoo Leganza minik avtomobili, 2010-cu il istehsalı KamAZ-6520 yük avtomobili, 2000-ci il istehsalı GAZ-3110 və 1986-cı il istehsalı UAZ-3151 markalı avtomobillər də var.
Satışa çıxarılan xüsusi texnikaların böyük hissəsini FHN-in Mülki Müdafiə Qoşunlarında istifadə olunan ARS-14, MAFS-3 və digər xüsusi təyinatlı qurğularla təchiz edilmiş avtomobillər təşkil edir.
Hərraca çıxarılan texnikaların istehsal illəri əsasən 1970-2010-cu illəri əhatə edir. Siyahıda köhnə model xüsusi nəqliyyat vasitələri ilə yanaşı, 2007-ci il istehsalı olan “Amkodor” markalı yükləyici və ekskavator-yükləyicilər də təqdim olunub.
Abbas


