"Mərkəzi Bank tərəfindən kredit faizlərinin optimallaşdırılması ilə bağlı fəaliyyətlər həyata keçirilib. Sözsüz ki, bu, inzibati müdaxilə ilə reallaşmamalıdır. Çünki bankların cəlb etdiyi vəsaitlərin xərci azalmalıdır ki, banklar daha aşağı faizlə kreditlər təklif edə bilsinlər".
Bunu "Unikal"a açıqlamasında iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, reallıq bundan ibarətdir ki, bank faizləri yüksəkdir:
"Bu da birmənalı şəkildə həm vətəndaşlarımızın daha yüksək faizlə borclanmasına, həm də real sektorun daha bahalı maliyyə resurslarını əldə etməsinə gətirib çıxarır. Bunun üçün təbii ki, depozit faizlərinin də optimallaşdırılmasına ehtiyac var. Bankların cəlb etdiyi vəsaitin bir hissəsi depozitlər hesabına formalaşır. Depozit faizləri yüksək olanda kredit faizləri də yüksək olur, bu da kreditləşmənin bahalaşmasına gətirib çıxarır. Amma eyni zamanda real sektorda korporativ idarəetmənin formalaşması vacib məqamlardandır.
Hazırda kommersiya banklarında təxminən 3,8 milyard manat passiv vəsaitlər var. Hansı ki, banklar həmin vəsaititi yerləşdirmirlər və ya yerləşdirə bilmirlər. Əslində onu yerləşdirməklə gəlir əldə etməyə çalışırlar, amma burda risk faktoru və digər amillər nəzərə alınmaqla qərarlar verilib. Real sektor nə qədər çox korporativ idarəetmədən istifadə edərsə, şəffaf mexanizmlər qurarsa, bu, banklar tərəfindən biznesə daha çox kreditin ayrılmasına və təbii ki, rəqabət nəticəsində faizlərin aşağı düşməsinə gətirib çıxara bilər".


