Kredit sığortası hansı hallarda borcu bağlayır?

İQTİSADİYYAT
16:53 / 13.07.2026
52
Kredit rəsmiləşdirərkən bir çox borcalan sığorta haqqı da ödəyir. Lakin sonradan gözlənilməz hadisə baş verdikdə bu sığortanın həqiqətən krediti ödəyib-ödəmədiyi ilə bağlı suallar yaranır. Kredit sığortası hansı hallarda borcu bağlayır, hansı hallarda isə bu sığorta növü krediti bağlamır?
 
Azərbaycan Sığortaçılar Assosiasiyasının Ekspert Qrupunun üzvü Şəhriyar Məcidov Valyuta.az-a bildirib ki, vətəndaş sığortalandıqdan sonra sığorta hadisəsi baş verərsə, kredit həyat sığortası üzrə əsas təminatlar istənilən səbəbdən ölüm və I, II, III qrup əlillik hallarını əhatə edir. Sığorta hadisəsi bu 4 təminatdan birini əhatə edərsə, sığortaçı bankdan kredit götürən şəxsin qalıq borcunu tam şəkildə ödəyir.
 
"Deyək ki, vətəndaş üç il müddətinə 10 min manat kredit götürüb. Bir il keçib, bu müddətdə əsas borcun müəyyən hissəsini ödəyib. Əgər bir ildən sonra sığorta hadisəsi baş verərsə, yəni kredit götürən şəxs həyatını itirərsə və ya ona üç qrup əlillikdən biri təyin olunarsa, sığorta şirkəti vətəndaşın bank qarşısında olan qalıq borcunu tam şəkildə ödəyir. Qeyd edim ki, hadisə qanuna uyğun baş veribsə və sığorta hadisəsi müqavilənin şərtlərinə uyğundursa, sığortaçının öhdəliyi olaraq vətəndaşın bank qarşısındakı qalıq borc ödənilir".
 
 
Kredit sığortası hansı hallarda borcu ödəmir?
 
Ekspert bildirib ki, sığorta hadisəsi baş verdikdə, yəni vətəndaş sığorta müddətində əlillik aldıqda və ya həyatını itirdikdə, həmin hallar araşdırılır.
 
"Ən əsas istisnalardan biri intihardır. Vətəndaş kredit götürərkən həyatı sığortalanırsa və müəyyən müddətdən sonra intihar edərsə, bu halda sığorta şirkətinin vətəndaşın bank qarşısında olan borcunu ödəməkdən imtina etmək hüququ var. Digər hal isə vətəndaşın sağlamlıq vəziyyəti ilə bağlı məlumatı gizlətməsidir.
 
"Əgər vətəndaş gələcəkdə ona əlillik təyin olunacağını bildiyi halda kredit götürərkən bunu sığortaçıya açıqlamırsa, sonradan əlillik təyin edildiyi halda sığortaçı ödənişdən imtina edə bilər. Çünki həmin şəxs müəyyən müddətdən sonra ona əlillik dərəcəsi təyin olunacağını bilir. Bu barədə mütləq qaydada sığortaçıya, ən azı bankın nümayəndəsinə məlumat verilməlidir. Əks halda, qərəzli qaydada sığortalanma baş verərsə, sığortaçıya yanlış və ya natamam məlumat təqdim edilməsi sığorta şirkətinə vətəndaşın bank qarşısındakı kredit borcunu ödəməməsi üçün hüquqi əsas yaradır", - deyə Ş.Məcidov bildirib.
 
Ş.Məcidov bildirib ki, ümumilikdə kredit həyat sığortasının əsas üstünlüyü ondan ibarətdir ki, kredit götürərkən təminata daxil olan sığorta hadisələrindən hər hansı biri baş verərsə, vətəndaşın, eləcə də onun ailəsinin və ya vərəsələrinin maddi rifahı qorunur.
 
O, mövzu ilə bağlı Mərkəzi Bankın kredit həyat sığortası üzrə etdiyi dəyişikliklərə də toxunub.
 
"Dəyişikliklərin əsas məqsədi kredit həyat sığortasını vətəndaşlar üçün daha əlçatan etməkdir. Bu çərçivədə sığorta haqları əvvəlki dövrlə müqayisədə 6-8 dəfə azaldılıb, banklarla həyat sığortası şirkətləri arasında sistem inteqrasiyası yaradılıb ki, vətəndaşlar kredit rəsmiləşdirərkən əlavə vaxt itirmədən sığortalana bilsinlər. Bu dəyişikliklər vətəndaşların maddi rifahının qorunmasına xidmət edir və sığorta hadisəsi baş verdikdə bank qarşısında qalan kredit borcunun sığortaçı tərəfindən ödənilməsini təmin edir".
 
0