Manatın effektiv məzənnəsi artıb: İdxal ucuzlaşacaq

İQTİSADİYYAT
11:48 / 04.08.2026
159

Azərbaycan Mərkəzi Bankının açıqladığı son statistikaya görə, iyulun 1-i tarixinə manatın nominal effektiv məzənnəsi 103,5 bəndə çatıb. 

Rəqəmlər göstərir ki, bu göstərici əvvəlki ayla və ilin başlanğıcı ilə müqayisədə 1 bənd, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 0,9 bənd yüksəlib. Hesabatda real effektiv məzənnənin də 115,2 bənd səviyyəsində formalaşdığı qeyd olunur. Aylıq müqayisədə 0,7 bəndlik artım müşahidə edilsə də, ilin əvvəlindən bəri real effektiv məzənnə 0,6 bənd geriləyib. Ötən ilin iyulun 1-i ilə müqayisədə isə bu göstəricidə hər hansı dəyişiklik qeydə alınmayıb.

Bəs nominal effektiv məzənnədə baş verən bu artım iqtisadi baxımdan hansı mənanı daşıyır? Milli valyutanın mövqeyindəki bu dəyişiklik bazardakı qiymətlərə, idxal məhsullarının dəyərinə və əhalinin gündəlik xərclərinə hansı formada təsir göstərə bilər?

Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov Hit.az-a açıqlamasında deyib ki, manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi sabitdir: 

406384

“Lakin nominal effektiv məzənnə manatın Azərbaycanın əsas ticarət tərəfdaşlarının valyutalarına nisbətdə dəyişimini əks etdirir. Dollar digər valyutalara qarşı möhkəmləndikdə manatın nominal effektiv məzənnəsi də yüksəlir, zəiflədikdə isə aşağı düşür. 

Burada söhbət Azərbaycanın idxal və ixrac əməliyyatlarında istifadə olunan əsas xarici valyutaların ümumi təsirindən gedir. Nominal effektiv məzənnənin 103,5 bənd olması manatın həmin valyutalar səbətinə nisbətdə möhkəmləndiyini göstərir”.

Ekspert qeyd edib ki, bu artım əsasən ABŞ dollarının beynəlxalq bazarlarda güclənməsi ilə əlaqədardır:

“Real effektiv məzənnənin yüksəlməsi isə onu göstərir ki, nominal məzənnədə möhkəmlənmə olsa da, inflyasiya amili də bu prosesə təsir edib. Ümumilikdə, açıqlanan göstəricilərdəki dəyişikliklər böyük deyil. Nominal effektiv məzənnənin artması xaricdən idxal olunan məhsulların müəyyən qədər daha sərfəli qiymətə alınmasına şərait yarada bilər. Bununla belə, mövcud dəyişikliklərin vətəndaşların gündəlik həyatına və bazardakı qiymətlərə ciddi təsir göstərəcəyi gözlənilmir”.

Günel Cəlilova

0