İrandakı böhran Azərbaycan bazarında qiymətləri dəyişə bilər?

İQTİSADİYYAT
10:56 / 05.08.2026
158

İranda yaşanan son hadisələr ölkənin iqtisadiyyatına və beynəlxalq ticarət əlaqələrinə təsir göstərməkdə davam edir. 

Siyasi gərginlik və təhlükəsizliklə bağlı yaranan qeyri-müəyyənlik istehsal sahəsində, eləcə də məhsulların daşınması prosesində müəyyən çətinliklər yaradıb. Belə bir şəraitdə diqqət Azərbaycana idxal edilən İran məhsullarına yönəlir.

Bəs qonşu ölkədə baş verən proseslər Azərbaycan bazarında satılan İran mənşəli məhsulların qiymətinə və təchizatına necə təsir göstərə bilər? İstehlakçılar yaxın aylarda bu istiqamətdə hansı dəyişikliklərlə üzləşə bilərlər?

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Hit.az-a açıqlamasında deyib ki, İranda son aylarda müşahidə olunan siyasi gərginlik, təhlükəsizlik problemləri və iqtisadi çətinliklər istehsal və xarici ticarət zəncirinə birbaşa təsir göstərir: 

"Bu vəziyyət istehsalın azalmasına, logistika xərclərinin artmasına və məhsulların xarici bazarlara çatdırılmasında gecikmələrə səbəb ola bilər. Nəticədə İran mənşəli məhsulların həm qiymətində artım, həm də bazara çıxış imkanlarında müəyyən məhdudiyyətlər yarana bilər".

Ekspert hesab edir ki, Azərbaycan bazarında da bunun müəyyən təsirlərinin hiss olunacağı istisna deyil:

406513

"İran ölkəmizin mühüm ticarət tərəfdaşlarından biridir və xüsusilə meyvə-tərəvəz, tikinti materialları, məişət malları, kimya sənayesi məhsulları və bəzi kənd təsərrüfatı məhsulları üzrə bazarda müəyyən paya malikdir. Əgər İranda istehsal və ixrac proseslərində problemlər davam edərsə, bu məhsulların Azərbaycana idxal həcmi azala, çatdırılma müddəti uzana və onların satış qiymətlərində artım baş verə bilər.

Qiymət artımına təsir edən əsas amillərdən biri də logistika xərcləridir. Təhlükəsizlik riskləri artdıqca yükdaşımaların sığorta xərcləri yüksəlir, nəqliyyat marşrutlarında gecikmələr yaranır və bu əlavə xərclər son nəticədə məhsulun satış qiymətinə təsir edir. Buna görə də hətta istehsal həcmi ciddi şəkildə azalmasa belə, daşınma xərclərinin artması bazarda qiymətlərin yüksəlməsinə səbəb ola bilər".

A.Nəsirli onu da əlavə edib ki, Azərbaycanın idxal bazarı əvvəlki illərlə müqayisədə daha şaxələndirilib: 

"Bir çox məhsullar Türkiyə, Rusiya, Çin və digər ölkələrdən də idxal olunur. Bu səbəbdən İran məhsullarının tədarükündə yaranacaq mümkün azalma ümumi bazarda ciddi qıtlıq yaratmaya bilər. Lakin İranın xüsusi üstünlüyə malik olduğu məhsul qruplarında alternativlərin tapılması müəyyən vaxt tələb edə və keçid dövründə qiymətlərə təsir göstərə bilər.

Əgər İranda mövcud qeyri-müəyyənlik uzun müddət davam edərsə, Azərbaycan idxalçıları alternativ təchizat bazarlarına daha çox üstünlük verməyə başlayacaqlar. Bu, risklərin azaldılması baxımından müsbət addım olsa da, yeni logistika marşrutlarının formalaşdırılması və yeni təchizatçılarla əməkdaşlığın qurulması əlavə xərclər yarada bilər.

Ümumilikdə, İranda baş verən proseslərin Azərbaycan bazarına təsiri daha çox ayrı-ayrı məhsul qruplarında qiymət artımı, tədarük müddətinin uzanması və bazar təklifinin müvəqqəti azalması ilə özünü göstərə bilər. 

Lakin idxal mənbələrinin şaxələndirilməsi sayəsində bu təsirlərin bütövlükdə ölkə bazarında kəskin və uzunmüddətli böhran yaratması ehtimalı yüksək görünmür. Bununla belə, proseslərin inkişafı diqqətlə izlənilməli və zərurət yaranacağı təqdirdə alternativ təchizat kanallarının genişləndirilməsi istiqamətində operativ addımlar atılmalıdır".

Günel Cəlilova

0