Mövsümə baxmayaraq, Azərbaycanda meyvə və tərəvəz qiymətlərində azalma hələ də müşahidə edilmir. Bunun əsas səbəblərindən biri kimi isə mövsüm ərzində hökm sürən qeyri-sabit hava şəraiti göstərilir. Əlverişsiz hava kənd təsərrüfatı məhsullarının istehsalına təsir göstərdiyindən, bazarda qiymətlərin gözlənildiyi kimi aşağı düşmədiyi müşahidə edilir.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, kənd təsərrüfatı məhsullarının istehsalında məhsuldarlığı müəyyən edən əsas amillərdən biri hava şəraitidir. Bu il də hava qeyri-sabit və yağıntılı keçib:
"Yaz mövsümündə normadan artıq yağıntıların düşməsi, yağışlı günlərin sayının çox olması əkin prosesini gecikdirdi. Eyni zamanda, çiçəkli meyvə ağaclarının vegetasiya dövründə tozlanma prosesinə mənfi təsir göstərdi ki, bu da məhsuldarlığın azalmasına səbəb oldu. Təbii şəraitin mənfi təsiri tərəvəz istehsalında da özünü göstərdi. Əkinlərin vaxtında aparılmaması bəzi sahələrdə əkin sahələrinin azalmasına, digər hallarda isə məhsuldarlığın aşağı düşməsinə gətirib çıxardı. Nəticədə bazara çıxarılan məhsulun həcmi azaldı və bu da qiymətlərin yüksəlməsinə təsir edən əsas amillərdən birinə çevrildi".
Komitə sədrinin müavini bildirib ki, yay mövsümü olmasına baxmayaraq bu gün bazarlarda meyvə və tərəvəzin qiymətlərinin yüksək qalmasının əsas səbəbi də məhz təklifin azalmasıdır:
"Bəzən bahalaşma ixracın artması ilə əlaqələndirilir. Lakin hesab edirəm ki, cari vəziyyətdə qiymət artımının əsas səbəbi ixrac deyil. Çünki bazarda bahalaşan məhsullar arasında əsasən daxili bazar üçün istehsal olunan bostan məhsulları da var. Məsələn, qarpız, yemiş, pomidor və digər bostan-tərəvəz məhsullarının qiymətləri ötən illə müqayisədə xeyli yüksəkdir. Halbuki bu məhsulların əksəriyyəti daxili bazarın tələbatının ödənilməsinə yönəldilir".
A.Badamov hesab edir ki, iqtisadi baxımdan qiymət artımının əsas səbəbi bazarda tələbin təklifi üstələməsidir: "Məhsul bolluğu olmadıqda bazara çıxarılan məhsulun həcmi azalır və nəticədə qiymətlər yüksəlir. Bu, bazar iqtisadiyyatının təbii qanunlarından biridir".
Onun sözlərinə görə, qiymətlərə təsir göstərən digər mühüm amil isə istehsal xərclərinin artmasıdır: "Bu il mineral gübrələrin, bitki mühafizə vasitələrinin və nəqliyyat xidmətlərinin qiyməti yüksəlib. Eyni zamanda kənd təsərrüfatında əməkhaqqı xərcləri də əhəmiyyətli dərəcədə artıb. Əgər ötən il tarlalarda gündəlik işləyən fəhləyə 15-20 manat ödənilirdisə, bu il həmin işçi daha yüksək əməkhaqqı tələb edir. Bu isə məhsulun maya dəyərinin artmasına birbaşa təsir göstərir. Beləliklə, 2026-cı ildə meyvə və tərəvəzin bahalaşmasının əsas səbəbləri əlverişsiz hava şəraiti nəticəsində məhsuldarlığın azalması, bazarda təklifin zəifləməsi və kənd təsərrüfatı istehsalının maya dəyərinin yüksəlməsidir. Əgər növbəti mövsümdə iqlim şəraiti daha əlverişli olar və məhsul bolluğu yaranarsa, bazarda qiymətlərin də tədricən sabitləşəcəyini gözləmək mümkündür".


