Şəxsi kartlardan biznes məqsədilə istifadə edənləri nə gözləyir?

İQTİSADİYYAT
11:33 / 07.08.2026
141

Azərbaycanda kartdan-karta pul köçürmələri ilə bağlı tətbiq olunan yeni məhdudiyyətlər cəmiyyətdə müxtəlif fikirlərə səbəb olub.

Vətəndaşların bir qismi hesab edir ki, köçürmələrə qoyulan limitlər gündəlik maliyyə əməliyyatlarını çətinləşdirəcək. Onların fikrincə, bu səbəbdən bank kartlarından istifadə əvvəlki qədər rahat olmayacaq və insanlar yenidən nağd ödənişlərə üstünlük verməyə başlayacaqlar. Digər tərəfdən, nağd hesablaşmaların genişlənməsinin rəqəmsal ödəniş sistemlərinin inkişaf tempini zəiflədə biləcəyini düşünənlər də az deyil. 

İqtisadçı ekspert Xalid Kərimli Hit.az-a açıqlamasında deyib ki, kartdan-karta köçürmələr üçün müəyyən edilən yeni məhdudiyyətlər əhalinin böyük hissəsinin gündəlik ödəniş və pul köçürmə əməliyyatlarında ciddi dəyişiklik yaratmayacaq:

406706

“Nəzarət mexanizmi əsasən şəxsi bank kartlarından istifadə etməklə vergidən yayınan və rəsmi qeydiyyatdan kənar sahibkarlıq fəaliyyəti göstərən şəxslərə şamil olunur. Qəbul edilən yeniliyin başlıca məqsədi qeyri-rəsmi maliyyə axınlarını məhdudlaşdırmaq, qanunsuz biznes fəaliyyətinin qarşısını almaq və vergi intizamını gücləndirməkdir”.

Ekspertin sözlərinə görə, şəxsi ehtiyacları üçün yaxınlarına və ya tanışlarına pul köçürən adi vətəndaşların bu dəyişikliklərdən ciddi şəkildə təsirlənəcəyi gözlənilmir:

“Yeni tələblər daha çox sahibkarlıq fəaliyyətini rəsmi biznes hesabları əvəzinə şəxsi kartlar vasitəsilə həyata keçirən və bununla vergi öhdəliklərindən yayınmağa çalışan şəxslər üçün əlavə çətinliklər yarada bilər”.

Günel Cəlilova

0