Dünya enerji bazarında gərginlik yenidən güclənib.
Neftin bahalaşması fonunda qlobal səhm bazarlarında mənfi dinamika qeydə alınıb. “Brent” markalı xam neftin bir barelinin dəyəri 84 dollara yüksəlib. Enerji daşıyıcılarının qiymətindəki yüksəlişin başlıca səbəbləri sırasında İranla ABŞ arasında artan qarşıdurma və Hörmüz boğazında gəmiçilik fəaliyyətinin ciddi şəkildə məhdudlaşması göstərilir.
Maraqlıdır, mövcud proseslər davam edərsə, dünya bazarında neftin qiyməti daha da yüksələ bilərmi? Ümumiyyətlə, qiymət artımının Azərbaycan iqtisadiyyatına və əhaliyə mümkün təsirləri nələr olacaq?
İqtisadçı ekspert Xalid Kərimli Hit.az-a açıqlamasında deyib ki, Hörmüz boğazında yaranmış gərginlik beynəlxalq enerji bazarında neftin qiymətinə təsir edən əsas amillərdən birinə çevrilib:
“Xam neftin bahalaşması təkcə qlobal iqtisadi proseslərə deyil, neft ixrac edən ölkələrin maliyyə vəziyyətinə də öz təsirini göstərə bilər. Azərbaycan baxımından isə qiymət artımının nəticələri ilk növbədə ölkənin neft gəlirlərində, valyuta ehtiyatlarının formalaşmasında və büdcə daxilolmalarında özünü göstərmə ehtimalı var. Neftin dünya bazarında daha yüksək qiymətə satılması Dövlət Neft Fondunun gəlirlərinin artmasına şərait yaradır və bununla da dövlətin maliyyə resursları genişlənə bilər”.

Lakin onun sözlərinə görə, neftin bahalaşmasını avtomatik olaraq iqtisadi artımın sürətlənməsi kimi qiymətləndirmək doğru olmaz:
“Çünki ölkədə ÜDM istehsal həcmləri əsasında hesablandığından, hasilatın azalması neft sektorunun iqtisadi göstəricilərinə mənfi təsir göstərməyə davam edə bilər. Dünya bazarında neftin qiyməti yüksəlsə belə, hasilatın aşağı düşməsi sektorun ÜDM-ə verdiyi töhfənin azalmasına səbəb olma ehtimalı da mövcuddur. Son illərdə neft hasilatındakı geriləmə də məhz bu səbəbdən ölkənin ümumi iqtisadi artım göstəricilərinə təsir edən amillər sırasında yer alır. Bununla yanaşı, bahalaşan neftin büdcə gəlirlərinin artması üçün əlavə imkanlar yaratması mümkündür”.
Xalid Kərimli qeyd edib ki, neft sektorunda fəaliyyət göstərən şirkətlərin gəlirlərinin yüksəlməsi həmin müəssisələrin dövlət xəzinəsinə ödədiyi vergilərin də artmasına şərait yarada bilər:
“Beləliklə, neft qiymətlərinin yüksəlməsi Azərbaycan üçün bir tərəfdən maliyyə gəlirlərinin artması baxımından üstünlük yaratsa da, digər tərəfdən hasilatın azalması iqtisadi artım baxımından müəyyən məhdudiyyətlər yaradır. Neft gəlirlərinin yüksək olması ölkənin valyuta bazarında sabitliyin qorunmasına da əlavə dəstək verə, bu amil isə manatın məzənnəsinin sabit qalmasına müsbət təsir göstərə bilər”.
Günel Cəlilova

