Zəngəzur dəhlizi Naxçıvanın da taleyini dəyişəcək

İQTİSADİYYAT
14:00 / 12.08.2026
173

“Naxçıvanın ölkənin digər əraziləri ilə dayanıqlı əlaqələrinin gücləndirilməsi həm dövlət təhlükəsizliyi, həm də iqtisadi inkişaf baxımından xüsusi əhəmiyyət daşıyır”.

Bu sözləri Milli Məclisin deputatı Pərvanə Vəliyeva Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, Muxtar respublikanın coğrafi baxımdan Azərbaycanın əsas hissəsindən ayrı yerləşməsi onun təhlükəsizlik məsələlərinə və sosial-iqtisadi inkişafına ayrıca yanaşmanı tələb edir:

“Bu gün Naxçıvanla yanaşı, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur da ölkənin ümumi inkişaf strategiyasının tərkibində kompleks şəkildə inkişaf etdirilir. İdarəetmənin daha çevik və səmərəli qurulması məqsədilə burada yeni institusional mexanizmlər tətbiq olunur, Prezidentin xüsusi nümayəndəlik modeli yaradılır və həyata keçirilən struktur dəyişiklikləri idarəetmə sisteminin təkmilləşdirilməsinə xidmət edir”.

Deputatın sözlərinə görə, Naxçıvanın qarşısında artıq yalnız strateji sərhəd ərazisi kimi deyil, Azərbaycanın yeni regional nəqliyyat və iqtisadi sistemində mühüm mövqeyə malik məkan kimi inkişaf etmək perspektivi dayanır:

407075

“Ötən il avqustun 8-də Vaşinqtonda əldə olunan razılaşmalar Naxçıvanın uzun illər davam edən nəqliyyat təcridinin aradan qaldırılması baxımından yeni mərhələnin başlanğıcıdır. Belə ki, hava nəqliyyatı istisna olmaqla, onilliklər ərzində Azərbaycanın əsas hissəsi ilə birbaşa quru əlaqəsi olmayan Naxçıvanın Zəngəzur dəhlizinin fəaliyyətə başlamasından sonra avtomobil və dəmir yolu vasitəsilə ölkənin digər əraziləri ilə birləşdirilməsi nəzərdə tutulur. 

Bu prosesin əhəmiyyəti yalnız Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında rahat və fasiləsiz nəqliyyat əlaqəsinin yaranması ilə məhdudlaşmır. Yeni bağlantılar muxtar respublikanın beynəlxalq nəqliyyat marşrutlarında iştirak imkanlarını da əhəmiyyətli dərəcədə genişləndirəcək. Naxçıvanın Avropa ilə Asiyanı birləşdirən Orta Dəhliz sistemində mühüm tranzit məntəqələrindən birinə çevrilməsi üçün real imkanlar yaranacaq”.

Millət vəkili qeyd edib ki, gələcəkdə formalaşacaq bağlantı sistemi yalnız avtomobil və dəmir yollarından ibarət olmayacaq:

“Bu marşrut boyunca elektrik enerjisinin ötürülməsi xətlərinin, rəqəmsal rabitə üçün fiber-optik infrastrukturun, perspektivdə isə enerji daşıyıcılarının nəqli üçün digər kommunikasiya xətlərinin yaradılması da mümkün ola bilər. Yeni nəqliyyat və kommunikasiya imkanlarının formalaşması Naxçıvanda iqtisadi aktivliyin yüksəlməsinə ciddi təkan verə bilər. 

Bu proses istehsal və ticarətin genişlənməsi ilə yanaşı, yeni iş imkanlarının yaranmasına, turizm sektorunun canlanmasına, investisiya axınının artmasına və regionlararası mədəni-iqtisadi əlaqələrin güclənməsinə şərait yaradacaq”.

P. Vəliyeva diqqətə çatdırıb, Naxçıvanın yerləşdiyi coğrafi mövqe onun nəqliyyat və enerji layihələrində iştirakını xüsusi əhəmiyyətli edir:

“Muxtar respublikanın bir neçə mühüm istiqamətin kəsişməsində yerləşməsi onu gələcəkdə regional tranzit sisteminin əsas elementlərindən birinə çevirə bilər. Zəngəzur dəhlizi, o cümlədən TRİPP çərçivəsində nəzərdə tutulan bağlantılar yalnız regional deyil, daha geniş geosiyasi və iqtisadi əhəmiyyətə malik layihədir. Bu marşrutun reallaşması Naxçıvanın həm Azərbaycanın iqtisadi sistemində, həm də Avrasiyanın nəqliyyat xəritəsində rolunu əhəmiyyətli şəkildə dəyişə bilər”.

Günel Cəlilova

0