Dağ-mədən və metallurgiya sənayesi İNKİŞAF EDƏCƏK

İQTİSADİYYAT
11:45 / 23.09.2026
188

Metallurgiya sənayesi metal filizlərinin emal edilərək müxtəlif təyinatlı metal və metal məmulatlarına çevrilməsini təmin edən mühüm sənaye sahələrindən biridir. 

Bu sektor həm iqtisadiyyatın şaxələndirilməsi, həm də yerli xammaldan daha yüksək əlavə dəyər yaradılması baxımından əhəmiyyət daşıyır. Azərbaycanda da dağ-mədən və metallurgiya sənayesinin inkişafı, xüsusilə dəmir filizi, alüminium, mis və digər metalların emalı üzrə yeni imkanların yaradılması gündəmdədir.

Artıq Prezident İlham Əliyev də bununla bağlı Sərəncam imzalayıb. Sərəncəma əsasən, “Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı"”təsdiq edilib. 

Milli Məclisin deputatı Vüqar Bayramov Hit.az-a açıqlamasında deyib ki,  Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə dağ-mədən və metallurgiya sənayesinin inkişafı ilə bağlı mühüm hədəflər açıqlanıb: 

410528

“Qeyd olunub ki, bu sahə qeyri-neft-qaz sektorunun əsas istiqamətlərindən biri olmaqla yanaşı, sənayenin aparıcı sahələrindən hesab olunur. Xüsusilə son illərdə qeyri-neft sektorunda dağ-mədən və metallurgiya sənayesinin payının artırılması diqqət çəkir. 2025-ci ildə sözügedən sektorda 7 milyard manatlıq məhsul istehsal edilib. 

Eyni zamanda, neft-qaz sektorunda hasilatın azalması fonunda istehsalın həcmi 2024-cü ildəki 38,2 milyard manatdan 2025-ci ildə 33,3 milyard manata enib. Bunun əksinə olaraq, qeyri-neft sektorunda mühüm paya malik metal filizlərinin hasilatı 2025-ci ildə iki dəfəyə yaxın artaraq 730 milyon manata çatıb. Dağ-mədən, metallurgiya və mədənçıxarma sahəsində göstərilən xidmətlərin həcmində də artım qeydə alınıb. Bu sahədə xidmətlərə tələbatın yüksəlməsi nəticəsində 2025-ci ildə xidmətlərin həcmi 2,7 milyard manata çatıb”.

Millət vəkili qeyd edib ki, yeni dövlət proqramının qəbul edilməsi dağ-mədən və metallurgiya sənayesinin daha da inkişaf etdirilməsi ilə yanaşı, qeyri-neft-qaz sektorunun iqtisadiyyatda rolunun artırılması baxımından da əhəmiyyətli hesab olunur:

“Proqramın icrası çərçivəsində 5 mindən çox yeni iş yerinin yaradılması, eyni zamanda ən azı 1 milyard manat həcmində yeni dəyərin formalaşdırılması nəzərdə tutulur. Gözləntilərə görə, müəyyənləşdirilən hədəflərin həyata keçirilməsi dağ-mədən və metallurgiya sənayesinin inkişafına, yeni istehsal imkanlarının yaranmasına və bütövlükdə qeyri-neft-qaz sektorunda əlavə dəyərin artırılmasına imkan verəcək”.

Sevinc

0