Azərbaycanda vaxtı keçmiş kreditlərin ümumi məbləği sentyabrın 1-nə 721,8 milyon manat olub.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu rəqəm avqustun əvvəlindəki göstəricidən 0,2 faiz aşağıdır. Bununla belə, problemli kreditlərin həcmi ilin əvvəlindən 37,6 faiz, son bir ildə isə 36 faiz artıb.
Avqustun sonunda vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində payı 2,1 faiz təşkil edib. Bu göstərici iyulun sonunda da eyni olub. Ötən ilin sonunda isə 1,6 faiz səviyyəsində idi.
Maraqlıdır, problemli kreditlərdəki artım banklar üçün nə vəd edir?
Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov Hit.az-a açıqlamasında bildirib ki, Azərbaycanda problemli kreditlərin həcminin artması bank sektoru üçün yeni risklər yarada bilər:

"Ayrı-ayrı aylarda problemli kreditlərin həcmində müəyyən azalma müşahidə olunsa da, ümumi tendensiya artım istiqamətindədir. Bunun əsas səbəblərindən biri əhalinin və sahibkarların gəlirlərinin azalması, nəticədə kredit öhdəliklərinin icrasında çətinliklərin yaranmasıdır. Bu proses sürətlənərsə, xüsusilə kiçik və orta banklar üçün ciddi problemlər yarana bilər".
Ekspert qeyd edib ki, bəzi bankların fəaliyyətini davam etdirməkdə çətinlik çəkməsi nəticəsində bank sektorunda təmərküzləşmənin güclənməsi mümkündür:
"Söhbət mütləq bankların bağlanmasından və ya müflis olmasından getmir. Banklar fəaliyyətlərini davam etdirmək üçün birləşməyə və ya başqa struktur dəyişikliklərinə gedə bilərlər. Bank sektorunda təmərküzləşmənin artması isə son nəticədə istehlakçılar üçün də arzuolunmaz nəticələr yarada bilər".
Sevinc

