Azərbaycanda ödəniş terminallarından istifadə ilə bağlı yeni tələb gündəmə gəlib.
Belə ki, 500 manatı aşan ödəniş və pul köçürmələri zamanı əməliyyatı həyata keçirən şəxsin şəxsiyyətinin rəqəmsal üsulla təsdiqlənməsi nəzərdə tutulur. Yenilik cəmiyyətdə birmənalı qarşılanmayıb, xüsusilə sosial şəbəkələrdə qaydanın gündəlik ödənişlərə necə təsir edəcəyi ətrafında müzakirələr başlayıb.
Real Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli Hit.az-a açıqlamasında bildirib ki, 500 manatlıq həddin ödənişlərə nəzarət baxımından gözlənilən nəticəni verməyəcək:

“Bu qayda vətəndaşların iri məbləğli əməliyyatlarını dayandırmaq əvəzinə, onları daha kiçik hissələrə ayıraraq həyata keçirməsinə şərait yaradır. Belə olduqda, 1000 manatlıq ödənişi bir dəfəyə etmək mümkün olmasa belə, eyni məbləği bir neçə ayrı əməliyyatla ödəmək mümkündür”.
N.Cəfərli hesab edir ki, bu cür yanaşma problemin həlli üçün əsaslı vasitə sayıla bilməz:
“Qəbul edilən qərarlar real iqtisadi münasibətlərin və insanların gündəlik ödəniş davranışlarının xüsusiyyətləri nəzərə alınmaqla hazırlanmalıdır”.
Sevinc


