Yunanıstanın Krit adasında tapılan və təxminən 4 min il yaşı olan gil disk elm dünyasının açılmamış sirlərindən biri olaraq qalır. Üzərində spiral formasında düzülmüş simvollar olan artefaktın hansı məqsədlə hazırlandığı və işarələrin nə demək olduğu hələ də müəyyən edilməyib.
HİT.az xəbər verir ki, Festo diski adlanan bu qədim əşya 1908-ci il iyulun 3-də Kritdəki Festo minoy sarayında aparılan qazıntılar zamanı aşkarlanıb. Diametri 16 santimetr olan diskin eramızdan əvvəl XVII əsrə aid olduğu ehtimal edilir.
Tədqiqatçıların diqqətini çəkən əsas xüsusiyyət simvolların hər iki tərəfdə spiral şəklində yerləşdirilməsidir. Diskdə təxminən 240 işarə və 45 fərqli simvol növü qeydə alınıb.
Fransa mətbuatı yazır ki, işarələr gil üzərində əl ilə cızılmayıb. Onlar xüsusi ştamplar vasitəsilə hələ yaş olan gilə köçürülüb, daha sonra isə disk bişirilib. Bu üsul artefaktı qədim yazı sistemlərini araşdıran alimlər üçün xüsusilə maraqlı edir.
Diskin üzərində nə yazılıb?
Əsas fərziyyələrdən birinə görə, simvollar hecalı yazı sisteminə aiddir və hər işarə müəyyən bir hecanı ifadə edir. Lakin yazının hansı dildə olduğu və mətnin məzmunu indiyədək müəyyənləşdirilməyib.
Tədqiqatçıların qarşısındakı ən böyük maneə müqayisə üçün eyni simvol sistemindən istifadə edilərək hazırlanmış başqa mətnlərin tapılmamasıdır. Belə nümunələr olmadan işarələrin mənasını dəqiqləşdirmək çətinləşir.
Diskin təyinatı ilə bağlı bir neçə ehtimal irəli sürülüb. Onun dini mətn, himn, dua, təqvim, oyun vasitəsi və ya naməlum dildə yazılmış mesaj ola biləcəyi düşünülür. Ancaq bu versiyalardan heç biri elmi ictimaiyyət tərəfindən yekdilliklə qəbul edilməyib.
Bəs, disk saxta ola bilərmi?
2008-ci ildə amerikalı tarixçi Cerom Ayzenberq diskin saxta ola biləcəyi ehtimalını irəli sürüb. O, artefaktın qazıntılara rəhbərlik edən arxeoloq Luici Pernye tərəfindən hazırlanmış ola biləcəyini və bunun diqqət çəkmək məqsədi daşıya biləcəyini iddia edib.
Gil üzərində aparıla biləcək termolüminessensiya analizinin nəticələrinin olmaması da şübhələri artırıb. Bu analiz materialın nə vaxt bişirildiyini müəyyənləşdirməyə kömək edə bilər.
Bununla belə, sonrakı dövrlərdə Kritdə ştamplarla bəzədilmiş keramika nümunələrinin və oxşar motivlərə malik minoy möhürlərinin aşkarlanması diskin qədim Krit mədəniyyəti ilə əlaqəli olması ehtimalını gücləndirib.
2014-cü ildə iki dilçi simvolları minoy ana ilahəsinə ünvanlanmış dua kimi oxuya bildiklərini açıqlayıb. Lakin onların irəli sürdüyü yozumun doğruluğunu təsdiqləyən inandırıcı sübutlar təqdim edilməyib.
Hazırda Festo diski Kritdəki İraklion Arxeologiya Muzeyində saxlanılır. Bir əsrdən çoxdur araşdırılan bu artefaktın həqiqi mənası və hazırlanma məqsədi isə hələ də sirr olaraq qalır.
Samir


