Vinsent van Qoqun dünya şöhrətli “Ulduzlu gecə” tablosunun yaradılma tarixi ilə bağlı yeni ehtimal irəli sürülüb. Cənubi Koreyadan olan alimlər hesab edirlər ki, rəssam əsəri çəkərkən 1889-cu il iyulun 22-də Fransanın Sen-Remi-de-Provans şəhəri üzərində görünən səmanı təsvir etmiş ola bilər.
HİT.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Uzun müddət sənətşünaslar tablonun 1889-cu ilin iyununda çəkildiyini düşünürdülər. Lakin teleskop istehsalı ilə məşğul olan şirkətin direktoru və Kyun Hi Universitetinin aspirantı Kim rəhbərlik etdiyi tədqiqat qrupu ilə birlikdə apardığı araşdırmada fərqli nəticəyə gəlib. Alimlər astronomik hesablamaları, hava şəraiti ilə bağlı məlumatları və Van Qoqun məktublarını təhlil ediblər.
Tədqiqatçılara görə, 1889-cu il iyulun 22-də Ayın forması, Venera planetinin mövqeyi və Buğa bürcündəki Hiad ulduz topasının yerləşməsi tablodakı təsvirlə uyğunluq təşkil edib. Həmin gecələrdə səmanın aydın olması da rəssamın bu mənzərəni müşahidə edə bilməsi ehtimalını artırır.
Araşdırmanın müəllifi Kim 2019-cu ildə Fransaya səfərləri zamanı iyun və iyul aylarında səhər açılmamış görünən səmanı müqayisə etdiklərini bildirib. Onun sözlərinə görə, iyulda görünən parlaq ulduzlar iyun səmasında müşahidə olunmayıb. Tədqiqatçılar Van Qoqun qardaşı ilə yazışmalarında həşərat səsləri, xüsusilə ağustosböcəkləri barədə qeydlərə də diqqət yetiriblər. Bu məlumatların iyul ayına işarə edə biləcəyi düşünülür.
Bununla belə, yeni tarix hələ qəti nəticə hesab edilmir. Meksika Milli Muxtar Universitetinin alimi Xose Luis Araqon araşdırmanı maraqlı fərziyyə kimi qiymətləndirib və yekun cavab kimi qəbul etməyə tələsməməyə çağırıb. O qeyd edib ki, Van Qoq tablonu psixiatriya klinikasındakı emalatxanasında eskizlərə və yaddaşına əsaslanaraq çəkib. Buna görə də əsərdəki səma bir neçə gecədə müşahidə etdiyi mənzərələrin birləşməsi ola bilər.
Van Qoq 1889-cu ildə Fransanın Sen-Remi-de-Provans şəhərindəki psixiatriya klinikasında müalicə alarkən “Ulduzlu gecə” əsərini yaradıb. Araşdırmaçılar hesab edirlər ki, tablonun təsviri tamamilə rəssamın təxəyyülünün məhsulu deyil və o, real səmanı diqqətlə müşahidə edib.
Samir

