Bakıda həbs edilən \"Range Rover\" sürücüsü: \"Yeni doğulan uşağıma görə içmişdim\"

22:07 / 07.01.2024
553

Xəbər verdiyimiz kimi, bu ilin 3 yanvar tarixində Bakıda 77-MF-774 dövlət qeydiyyat nişanlı "Range Rover" markalı avtomobilin sürücüsü içkili vəziyyətdə yolun əksi ilə istiqamət hərəkət etdiyi üçün həbs edilib. 

Qaynarinfo-nun məlumatına görə, 1980-ci il tarixdə Bakı şəhərində anadan olmuş Əliyev Adil Mayıl oğlunun məhkəmə ifadəsi məlum olub. 

O deyib ki, 3 yanvar 2024-ci il tarixdə "Range Rover" markalı avtomobili idarə edərkən içkili imiş. Buna səbəb isə yeni doğulmuş uşağı üçün məclis təşkil etməsi olub. Adil Əliyev yol polisi əməkdaşlarını təhqir etməsi, söyüş söyməsini şəkər xəstəsi olduğu üçün xatırlamır: "Belə hal baş veribsə, onlardan üzr istəyirəm". 

Həmçinin o öz izahatında qeyd edib ki, polis əməkdaşlarının qanuni tələbələrinə tabe olmadığı üçün peşmandır: "Qeyd olunanların nəzərə alınmasını xahiş edirəm".

DYP rəsmisi məhkəmədə bildirib ki, təxminən saat 01:45 radələrində xidmət apardıqları vaxt Adil Əliyev yolun əksi ilə istiqamət etdiyini gördükdən sonra ona saxla işarəsi verilib, lakin əmrə tabe olmayıb. Daha sonra işıqforun qadağanedici işarəsinə məhəl qoymayıb. Sürücü saxlanıldıqdan sonra polisləri söyüb və bu səbədən hadisə yerinə post patrul xidməti dəvət edilib. 

Məhkəmənin qərarı ilə Adil Əliyev İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, 15 gün müddətinə inzibati qaydada həbs edilib. Onun nümayəndəsi Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verib.

0