Həm zülal, həm də liflə zəngin 5 qida – Rasiona daha çox əlavə edin

SAĞLAMLIQ
20:55 / 21.11.2026
46

Sağlam qidalanmada zülal və lif xüsusi əhəmiyyət daşıyır. Bu iki faydalı maddəni ayrı-ayrı qidalardan almaq əvəzinə, hər ikisi ilə zəngin olan məhsulları seçməklə gündəlik rasionu daha balanslı etmək mümkündür.

HİT.az xəbər verir ki, bu barədə “Apetitonline.cz” nəşri yazıb.

Dietoloq Nikola Ludlam-Reynin sözlərinə görə, ət, balıq, yumurta və süd məhsulları kimi zülal mənbələrinin əksəriyyətində lif ya çox azdır, ya da ümumiyyətlə yoxdur. Meyvə, tərəvəz və tam taxıllar isə liflə zəngin olsa da, adətən kifayət qədər zülal təmin etmir.

Zülal əzələlərin, orqanların, dərinin, saçın, dırnaqların və sümüklərin quruluşunda iştirak edir. O, həmçinin toxumaların böyüməsi və bərpası, hormonların və həzm fermentlərinin fəaliyyəti üçün vacibdir. Mütəxəssislər sağlamlıq məqsədilə gündəlik hər kiloqram bədən çəkisinə təxminən 1,2–2 qram zülal qəbulunu tövsiyə edirlər.

Lif isə həzm sisteminin fəaliyyətini dəstəkləyir, qanda şəkər və xolesterin səviyyəsinin tənzimlənməsinə kömək edir. Bundan başqa, toxluq hissini uzadır və bağırsaq mikrobiomunun sağlamlığını qorumaqda rol oynayır. Gündəlik lif ehtiyacının təxminən 25–30 qram olduğu bildirilir.

Hər iki qida maddəsi ilə zəngin beş məhsul:

1. Mərcimək

Quru mərciməyin 100 qramında təxminən 25 qram zülal və 13 qram lif var. Bişirildikdə suyu özünə çəkdiyi üçün bu göstəricilər azalır. Mərcimək həm salatlarda, həm də müxtəlif isti yeməklərdə istifadə oluna bilər.

2. Balqabaq tumu

Balqabaq tumunun 100 qramında növündən və emal üsulundan asılı olaraq 24–30 qram zülal, 6–8 qram lif mövcuddur. Onu sıyıqlara, salatlara və şorbalara əlavə etmək mümkündür.

3. Çia toxumu

Çia toxumunun 100 qramı təxminən 16–21 qram zülal və 34–40 qram liflə zəngindir. İstifadədən əvvəl suda isladılması tövsiyə olunur. Bu zaman toxum geləbənzər konsistensiya alır.

4. Tam taxıllı çörək

Bu çörəyin 100 qramında orta hesabla 8–9 qram zülal və 6–8 qram lif olur. Adi ağ çörəklə müqayisədə daha çox lif əldə etmək üçün uyğun seçim hesab edilir.

5. Tam taxıllı makaron

Quru məhsulun 100 qramında təxminən 13 qram zülal və 5–10 qram lif var. Bu səbəbdən tam taxıllı makaron gündəlik qidalanmada hər iki maddənin qəbulunu artırmağa kömək edə bilər.

Mütəxəssislər bildirirlər ki, zülal və lif ehtiyacını qarşılamaq üçün qidalanma rejimini köklü şəkildə dəyişmək vacib deyil. Paxlalılara, tam taxıllı məhsullara və toxumlara daha çox üstünlük vermək, onları digər qidalarla düzgün şəkildə birləşdirmək kifayət edə bilər.

Samir
 

0