İlin sonunda qarşıya qoyulan hədəflərə çatmamaq uğursuzluq kimi qiymətləndirilməməlidir. Psixoloqlar tövsiyə edirlər ki, insanlar özlərini yanvar ayında qurduqları ideal planlarla deyil, ötən ilin eyni dövründəki vəziyyətləri ilə müqayisə etsinlər.
HİT.az xəbər verir ki, bu barədə “Gazeta.ru”ya psixoloq, praktik terapevt və onlayn psixoterapiya platformasının yaradıcısı Yelena Rodionova danışıb.
Mütəxəssisin sözlərinə görə, bir çox insan dekabr ayını sanki imtahan dövrü kimi qəbul edir və il ərzində əldə etdiklərini sərt şəkildə qiymətləndirir. Bunun səbəblərindən biri insanların mənfi hadisələrə müsbət təcrübələrdən daha çox diqqət yetirməsidir. Nəticədə bir uğursuzluq bir neçə nailiyyəti kölgədə qoya bilir.
Psixoloq qeyd edib ki, ilin əvvəlində insanlar çox vaxt özlərinin ideal versiyasına uyğun planlar qururlar. Həmin təsəvvürdə insan xəstələnmir, yorulmur və həddindən artıq işləməli olmur. İlin sonunda isə real həyatın çətinlikləri nəzərə alınmadan nəticələr həmin ideal gözləntilərlə müqayisə edilir.
Bundan başqa, əldə olunan uğurlar qısa müddətdə adi hala çevrilir və insan onları qiymətləndirməyi unudur. Sosial şəbəkələr də bu yanaşmanı gücləndirir: başqalarının il ərzindəki nailiyyətləri paylaşılır, çətinlikləri isə çox vaxt görünməz qalır.
Özünü təhlil etmək başqa, günahlandırmaq başqadır
Rodionova hesab edir ki, insan il ərzində baş verənləri təhlil etməklə özünü qınamağı bir-birindən ayırmalıdır. Təhlil konkret davranışlara və şəraitə yönəlir, özünü ittiham etmək isə insanın şəxsiyyətini hədəfə alır.
Psixoloq bunu belə izah edib: “Diplom işimi tamamlaya bilmədim, çünki üzərimə həddindən artıq çox layihə götürmüşdüm” fikri vəziyyətin təhlilidir. “Mən heç nəyi sona çatdıra bilmirəm” düşüncəsi isə insanın özünə verdiyi mənfi hökmdür.
Onun sözlərinə görə, sağlam təhlil nəticə və növbəti addımla yekunlaşır. Özünü günahlandırmaq isə insanı eyni mənfi fikirlərin ətrafında dövr etməyə məcbur edir.
İlin kiçik uğurlarını da görmək üçün mütəxəssis aylar üzrə geriyə baxmağı, fotoalbom və ya təqvimdən istifadə etməyi məsləhət görür. Nailiyyət dedikdə yalnız tamamlanmış planlar nəzərdə tutulmamalıdır. Çətin köç prosesi, yaxın insanın xəstəliyi və ya işdə ağır dövrün öhdəsindən gəlmək də uğur hesab edilə bilər.
Yeni hədəfləri qadağalar üzərində qurmayın
Növbəti il üçün məqsədlər müəyyənləşdirərkən psixoloq “nəyi dayandırmalıyam?” sualı əvəzinə “nəyə başlamalıyam?” yanaşmasını tövsiyə edir.
Məsələn, yatmazdan əvvəl telefonda vaxt keçirməyi dayandırmaq əvəzinə, hər axşam yatmazdan qabaq 10 səhifə kitab oxumağı hədəf seçmək daha məqsədəuyğundur. Mütəxəssis izah edir ki, qadağalar insanın diqqətini məhz uzaqlaşmaq istədiyi vərdişə yönəldir. Həmin vərdişin yerini tutacaq yeni məşğuliyyət olmadıqda isə əvvəlki davranışa qayıtmaq asanlaşır.
Rodionova gələn il üçün iki-üç əsas məqsədlə kifayətlənməyi və il ərzində onları yenidən nəzərdən keçirməyə imkan verməyi məsləhət görüb. Artıq mənasını itirmiş hədəfdən imtina etmək də uğursuzluq deyil, dəyişən şəraitə uyğunlaşmaq və istiqaməti yeniləməkdir.
Samir


