Maqnezium orqanizmdə enerji istehsalı, əzələlərin fəaliyyəti, sümük sağlamlığı və sinir sisteminin normal işləməsi üçün vacib minerallardan biridir. Lakin insanların əhəmiyyətli hissəsi gündəlik qidalanma zamanı bu mineralın kifayət qədər miqdarını qəbul etmir. Diyetoloqlar isə maqnezium ehtiyatını artırmaq üçün bəzi içkilərdən istifadə etməyi məsləhət görürlər.
HİT.az xəbər verir ki, bu barədə “EatingWell” yazıb.
Mütəxəssislərin fikrincə, maqneziumun əsas mənbəyi yarpaqlı tərəvəzlər, qoz-fındıq, toxumlar, paxlalılar və tam taxıl məhsullarıdır. Bununla yanaşı, bəzi içkilər də orqanizmin gündəlik mineral ehtiyacının ödənilməsinə kömək edə bilər.
Diyetoloqların tövsiyə etdiyi 6 içki bunlardır:
1. İnək südü
Təxminən 240 millilitr südün tərkibində 30 milliqrama yaxın maqnezium var. Bundan başqa, süd kalium və kalsiumla da zəngindir. Onu ayrıca içmək və ya smuzilərə əlavə etmək mümkündür.
Diyetoloq Emi Braunşteynin sözlərinə görə, südün tərkibindəki müxtəlif zülallar və minerallar maqneziumun orqanizm tərəfindən mənimsənilməsinə də müsbət təsir göstərə bilər.
2. Soya südü
Bitki mənşəli içkilər arasında soya südü maqneziumla zəngin variantlardan sayılır. Bir stəkanında təxminən 54 milliqram maqnezium mövcuddur ki, bu da gündəlik ehtiyacın təxminən 13 faizini təşkil edir.
Soya südü zülal baxımından da zəngindir. Bir çox istehsalçı məhsulu əlavə olaraq A və D vitaminləri, eləcə də kalsiumla zənginləşdirir.
3. Albalı şirəsi
Albalı şirəsi təkcə dadına görə deyil, potensial sağlamlıq faydalarına görə də diqqət çəkir. Bir stəkanında təxminən 30 milliqram maqnezium var.
Bundan başqa, albalının tərkibində antioksidant xüsusiyyətli antosianinlər, polifenollar və melatonin mövcuddur. Dietoloqlar bu maddələrin yuxunun keyfiyyətinə və əzələlərin bərpasına mümkün təsirlərinin araşdırıldığını bildirirlər.
4. Kakao içkisi
Kakao da maqneziumun yaxşı mənbələrindən biridir. Bir xörək qaşığı xam kakao tozunda təxminən 40 milliqram maqnezium olur. Bu tozu südə əlavə etməklə mineral baxımından daha zəngin içki hazırlamaq mümkündür.
Adi kakao tozunda da maqnezium var, lakin miqdarı xam kakao ilə müqayisədə daha azdır.
5. Kokos suyu
Kokos suyu həm susuzluğu yatırmağa, həm də orqanizmin elektrolit balansını qorumağa kömək edir. Bir stəkanında təxminən 60 milliqram maqnezium var.
Diyetoloq Uitni Stüartın sözlərinə görə, kokos suyu kalium və natriumla da zəngindir. Bu minerallar xüsusilə fiziki fəaliyyətdən sonra maye balansının bərpasında əhəmiyyətlidir.
6. Mineral su
Maqnezium qəbulunu artırmağın ən sadə yollarından biri də mineral sudur. Onun tərkibindəki mineralların miqdarı mənbədən və istehsalçıdan asılı olaraq dəyişir.
Diyetoloq Meqan Berdin bildirdiyinə görə, maqneziumla zəngin bəzi mineral suların bir litrində 50-120 milliqram bu mineral ola bilər. Üstünlüklərindən biri isə şəkər və kalori ehtiva etmədən orqanizmi maqneziumla təmin etməsidir.
Kimlər diqqətli olmalıdır?
Mütəxəssislər bildirirlər ki, sağlam insanlarda qida və içkilər vasitəsilə maqneziumun həddindən artıq qəbulu nadir hallarda problem yaradır. Çünki böyrəklər artıq miqdarın xaric edilməsində iştirak edir.
Lakin qida əlavələri və bəzi dərmanlar vasitəsilə yüksək dozada maqnezium qəbulu ürəkbulanma, qarın ağrısı və ishala səbəb ola bilər. Böyüklər üçün qida əlavələri və dərmanlardan alınan maqneziumun gündəlik yuxarı həddi 350 milliqramdır. Bu məhdudiyyət adi qidalardan alınan maqneziuma şamil edilmir.
Böyrək xəstəliyi olan şəxslərə isə xüsusilə ehtiyatlı olmaq tövsiyə olunur. Belə insanlarda maqneziumun orqanizmdən xaric edilməsi çətinləşə və mineralın miqdarı təhlükəli səviyyəyə yüksələ bilər.
Diyetoloqlar maqnezium ehtiyacını qarşılamaq üçün içkilərlə yanaşı, ispanaq, qoz-fındıq, toxumlar, paxlalılar və tam taxıl məhsullarının da gündəlik qidalanmada yer almasını məsləhət görürlər.
Samir


