Körpə uşaqların eyvandan yıxılması - Kimdir günahkar?

HADİSƏ
18:10 / 10.06.2024
777

Azərbaycanda valideyn səhlənkarlığı ucbatından baş verən hadisələrdən biri də uşaqların eyvandan yıxılması hallarıdır.

Körpə uşağı olan valideyn onu bir saniyə belə tək buraxmamalı və daim onu nəzarətdə saxlamalıdır. 

Ən əsas da hündürmərtəbəli binalarda yaşayan valideynlər bu mövzuda daha diqqətli olmalıdırlar. 

Qeyd edək ki, bu gün Səbaildə balaca uşaq eyvandan yıxılıb. Hadisə rayonun Akademik Əhəd Yaqubov küçəsində qeydə alınıb. 2 yaşlı Hamza İmanov yaşadıqları evin 6-cı mərtəbəsindən yıxılaraq, “Kia” markalı nəqliyyat vasitəsinin üzərinə düşüb. Nəticədə körpə hadisə yerində həyatını itirib. Bildirək ki, bu kimi hadisələr azalmaq əvəzinə artır. 

Uşaq Hüquqları Müdafiə Liqasının sədri Yusif Bəkirov Hit.az-a deyib ki, bütün bu faciələrin arxasında uşaqlara nəzarət məsələsi dayanır:

 “Valideyn evdə ola-ola uşağını gözdən qoyubsa, səhlənkarlıq edərək başı internetə, telefona qarışıbsa və həmin arada uşağın başına hansısa bədbəxt hadisə gəlirsə, həmin valideynlər birmənalı günahkardır. Amma burada birmənalı olaraq valideynlərin qınanılmasının da tərəfdarı deyiləm. Statistikaya nəzər salsaq, görərik ki, bu cür faciələr sosial vəziyyətləri ağır olan ailələrdə baş verib. Deməli, bu problemin dərin kökləri var. Heç bir valideyn uşağını evdə nəzarətsiz qoyub işə getmək istəməz. Evdə köməyi olmayan valideynlər uşaqlarını bağçaya göndərməlidirlər. Belə olarsa, valideynləri işdə olan uşaqlar daimi nəzarət altında olar”.

Sevinc

0