Bakıda leysana səbəb nədir? - "Panikaya ehtiyac yoxdur"

HADİSƏ
09:51 / 17.04.2025
168

"Son günlərdə leysan olmasına baxmayaraq, ölkə ərazisində aprel ayına xas hava şəraiti hökm sürür". 

Bu sözləri "Biosfer" İctimai Birliyinin sədri Qorxmaz İbrahimli Hit.az-a açıqlamasında deyib. 

Onun sözlərinə görə, aprel ayında hava şəraiti sadəcə hansısa illərdə fərqli ola bilər:

"Hər zaman dediyim kimi, fərq olub-olmadığını bilmək üçün çoxillik yağıntı dövrünə və hava hərarətinə baxmaq lazımdır. Əgər 20 il ərzində Azərbaycanda belə hava yaşanmadan indi olsaydı bunu anomal adlandırmaq olardı. Lakin indiki hava qətiyyən anomal deyil. Üstəlik, mövcud hava şəraitinin payız havası ilə eyni olduğu fikirləri də əsassızdır. Hazırda payız havası yoxdur".

371404

Ekspert qeyd edib ki, hər zaman qışdan yaza keçəndə havalar belə seyr edir:

"Hətta bəzən may ayında qar da yağır. Bunlar normal təbiət hadisələrdir. Hazırda ölkəmiz üzərində şimal-qərb hava kütlələri və yağıntılı hava üstünlük təşkil edir. Ona görə də fasiləsiz olaraq yağış yağması normaldır. 

Hər il belə hadisələr təkrarlana bilər. Əslində, aprel ayı hər zaman yağıntılı keçir. Çox nadir hallarda bu ay quraq olur. Əslində aprel ayının quraq keçməsi yaxşı deyil".

Mütəxəssis bildirib ki, hazırda ölkə ərazisində havanın hərarəti çox aşağı düşüb:

"Həmçinin, dağlıq və dağətəyi ərazilərimizə qar yağıb. Hətta Bakıda belə sulu qar müşahidə olundu. Sulu qarın yağması bir az meyvələrə və bitki örtüyünə zərər verə bilər. Lakin çox soyuq olmadığına görə bitkilərə və meyvə-tərəvəzlərə zərər dəyməyəcəyini ümid edirik.

Leysanın olması da təbiidir. Nəzərdə almaq lazımdır ki, havalar anidən istiləşəndə daha sonra yağan yağış leysana çevrilir. Lakin çox şükür ki, sel olmadı. Ümumiyyətlə, yazda təhlükəli sellər olmur. Sel əsasən yayda baş verir. Yəni övcud hava şəraitinə görə panikaya düşmək lazım deyil". 

Pərviz

0