Ağstafa rayonunda həyat yoldaşını xüsusi amansızlıqla qətlə yetirməyə cəhd göstərmiş 1992-ci il təvəllüdlü Pərviz Bayramlıya (soyad şərtidir) hökm oxunub.
“Qafqazinfo” xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilərək, ciddi rejimli cəzaçəkmə müəssisəsinə göndərilib.
Araşdırmalar zamanı məlum olub ki, hadisədən bir neçə gün əvvəl Pərvizin həyat yoldaşı dalaşaraq atası evinə gedib. Bundan sonra Pərviz həmin evə gedib qohumlarının gözü qarşısında xanımına hücum edərək onu yerə yıxıb və boğmağa başlayıb. Arvadının huşsuz vəziyyətdə hərəkətsiz qaldığını görən Pərviz onun öldüyünü düşünüb.
Hadisə vaxtı qadın hər iki gözün konyuktival qişasına qansızma, boynun ön hissəsinin qançırı və sağ saidin sıyrığı ilə müşayiət olunan xəsarətlər alıb.
Həyat yoldaşının nəfəs almadığını görən P.İbrahimov evi tərk edərək polis şöbəsinə gedib və təslim olub. O, arvadını öldürdüyünü və məsuliyyəti üzərinə götürdüyünü deyib.
Bu müddətdə onun qayınanası təcili tibbi yardıma müraciət edib və tibbi müdaxilə ilə qadının həyatını xilas etmək mümkün olub.


