44 günə qazanılan tarixi ZƏFƏR

HƏRBİ
11:18 / 28.09.2026
216

“44 günlük Vətən müharibəsi və onun qələbə sonluğu Azərbaycanın tarixinə heç vaxt silinməyəcək qızıl hərflərlə yazılıb”. 

Bu sözləri politoloq Aydın Quliyev Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, bu, təkcə tarixə yox, həm də insanların, bir neçə nəslimizin yaddaşlarına yazılacaq bir tarixdir:


“Çünki bu müharibə Azərbaycanın ərazi bütövlüyünün və tanınmış əraziləri üzərində, Dağlıq Qarabağ da daxil olmaqla, suverenliyinin tam təsdiq olunmasına gətirib çıxardı. Eyni zamanda, Azərbaycanın 1991-ci ildə müstəqillik əldə etməsindən sonra onun köksündə, bağrında kök salmış erməni təcavüzkar dəstələrinin və qanunsuz separatçı silahlıların ölkəmizin ərazisindən tam çıxarılması ilə nəticələndi.

Bu müharibənin əlamətdar xüsusiyyətlərindən biri bölgəmizdə tam yeni bir vəziyyətin yaradılması oldu. Cəsarətlə demək olar ki, Vətən müharibəsinin Cənubi Qafqaz bölgəsində yaratdığı geosiyasi vəziyyət öz məzmununa və əhəmiyyətinə görə 1991-ci ildə SSRİ-nin dağılması ilə bu bölgədə yaranmış vəziyyətdən qat-qat üstündür və məzmunludur.

SSRİ dağılandan sonra bu bölgədə yaranmış reallıq üç müstəqil dövlətin yaradılması ilə müşayiət olunsa da, bu dövlətlərdən ikisinin arasında silahlı münaqişə var idi, birində isə vətəndaş müharibəsi gedirdi. Bu da, sözsüz ki, Cənubi Qafqazdakı geosiyasi duruma oldukça təhlükəli bir xarakter verirdi”.

Lakin ekspert qeyd edib ki, Vətən müharibəsində Azərbaycanın qələbə çalması ilə bu bölgədə yaranmış yeni reallığın xüsusiyyəti hər üç Cənubi Qafqaz dövlətinin ərazi bütövlüyü və suverenliyi özləri tərəfindən etiraf edilməsi idi:
“Üç ölkə bir-birinin suverenliyini və ərazi bütövlüyünü tanıdı. Eyni zamanda, bu üç ölkənin iradəsi əsasında bölgədə yeni bir əməkdaşlıq formatı olan “3+3” platformasının əsası qoyuldu. Doğrudur, bu platformanın hələlik işlək, konkret yekunlarını görə bilmirik, amma onun nəticəsizliyi heç bir halda Azərbaycanın məsuliyyətinə yazılmır və yazıla da bilməz.

Çünki hər kəs bilir ki, bu formatın bir proses olaraq başladılmasının ilkin təşəbbüskarı Azərbaycan Prezidenti İlham Əliyev olub. Sonradan da o format çərçivəsində görüşlərin keçirilməsinə ən ardıcıl dəstək verən ölkə məhz Azərbaycan olub. Əgər gələcəkdə də bu “3+3” formatı hansısa bir nəticə verəcəksə, onun müsbət baqajı birinci növbədə Azərbaycanın adına yazılacaq”.

Politoloq diqqətə çatdırıb ki, Vətən müharibəsinin ciddi əhəmiyyətlərindən biri də bizim bölgəmizdə geosiyasi rəqabəti və qarşıdurmanı daha çox geosiyasi əməkdaşlığa meyil edən axtarışlarla bərqərar etməsi oldu:
“Əgər müharibəyə qədər bu bölgədə bir yandan Amerika və Avropa, o biri yandan isə Rusiya əsasən qarşıdurma mövqeyində öz planlarını həyata keçirməyə çalışırdılarsa, Vətən müharibəsi nəticəsində Azərbaycanın böyük bir qüvvə kimi ortaya çıxması hər kəsə öz yerini göstərdi. Nəticədə bir yandan Amerika, bir yandan Avropa, bir yandan da Rusiya artıq bu bölgədə yeni əməkdaşlıq perspektivlərinin axtarışına daha çox baş vurmağa başladı.

Bütün bunlar Vətən müharibəsinin, bəzilərinə adi görünən bu 44 günlük müharibənin həqiqətən regionda yaratdığı böyük geosiyasi dəyişikliyin müxtəlif aspektləridir. Əlbəttə ki, bundan sonrakı tarix Vətən müharibəsinin dəyişiklikləri, onun ortaya qoyduğu nəticələr və dünya tarixindəki rolu ilə bağlı tədqiqatları davam etdirəcək”.

Pərviz

0