Türkiyə - Fransa: Gözləntilər nələrdir?

İDMAN
15:30 / 25.09.2026
40

Bu axşam Millətlər Liqasında 1-ci turun növbəti oyunları keçiriləcək.

Gecənin əsas matçlarından biri Türkiyə ilə Fransa arasında oynanılacaq. A liqasının 1-ci qrupunda keçiriləcək matça maraq kifayət qədər böyükdür. Lakin Fransanın heyətinin çox ideal formada olması qardaş ölkənin işlərini çətinləşdirə bilər. Üstəlik, Zinəddin Zidanın Fransa yığmasında da baş məşqçi kimi ilk rəsmi matçı olacaq.

Maraqlıdır, bütün bunların fonunda oyundan gözləntilər nələrdir?

“CBC Sport” telekanalının və “Footcast TV”nin aparıcı-eksperti, tanınmış idman jurnalisti Elçin Cəfərov Hit.az-a açıqlamasında bildirib ki, Türkiyə millisi Dünya Çempionatındakı uğursuz çıxışdan sonra, xüsusilə baş məşqçi Vinçenzo Montella kifayət qədər ciddi tənqidlərlə üz-üzə qaldı:


“Hətta nəinki biz, eynilə qardaş ölkə mediasında da onun Türkiyə milli komandasının baş məşqçisi postundan uzaqlaşdırılacağı düşünülürdü. Türkiyənin idman mediası bu xüsusda xüsusi paylaşımlar edir, tənqidi yazılar da diqqət mərkəzində yer alırdı. Sadəcə olaraq, Türkiyə Futbol Federasiyasının rəhbərliyi Montellanın arxasında dayandı və bu uğursuzluq fonunda ona növbəti dəfə Millətlər Liqasında şans verdi”.

Ekspert diqqətə çatdırıb ki, Fransa ilə qarşılaşma Türkiyə üçün çox çətin olacaq:
“Təbii ki, kağız üzərində də, hər bir platformada da favorit Fransadır. Fransada yeni baş məşqçi Zinəddin Zidanın gəlişindən sonra komandanın oyun planında hansı dəyişikliklərin olacağı da bu matçda özünü göstərəcək. Türkiyə isə bu qarşılaşmada, böyük ehtimalla, daha çox topsuz oyunda iştirak edəcək.

Çünki müqayisə apardıqda, daha çox topa sahib olan fransız futbolçuların heyət baxımından kifayət qədər təcrübəli və sürətli olduqları aydın sezilir. Odur ki, bu qarşılaşmada Türkiyənin məğlub olacağını təxmin edirəm. Lakin ən azından heç-heçə ehtimalı da yüksək ola bilər”.

Elmir

0