Avtomobil satmaq yalnız elan yerləşdirib alıcı gözləməkdən ibarət deyil. Prosesin sürətli, gəlirli və ən əsası hüquqi baxımdan problemsiz baş tutması üçün müəyyən hazırlıqlar və diqqət yetirilməli incəliklər var.
Bəs həmin məqamlar hansılardır? Hit.az məhz bu suallara cavab axtarıb...
Vizual və texniki hazırlıq
Məhsulun xarici görünüşü alıcıda ilk təəssüratı formalaşdırır. Avtomobili yudurtmaq, salonu təmizlətmək və ehtiyac varsa, kuzovu cilalatmaq (polirovka) maşının dəyərini alıcının gözündə kəskin artırır. Xırda qüsurların aradan qaldırılması çox vacibdir. Məsələn, yanan xəbərdarlıq işıqlarını, xarab olmuş lampaları və ya ucuz başa gələn texniki nasazlıqları aradan qaldırın. Böyük xərc tələb etməyən bu düzəlişlər alıcının qiymət salmaq bəhanələrini əlindən alır.
Doğru qiymətləndirmə və əsaslandırılmış təklif
Elan saytlarında eyni ilin, eyni yürüşün və oxşar komplektasiyanın qiymətlərini araşdırın. Qiyməti qoyarkən alıcının mütləq “şirinlik” və ya endirim istəyəcəyini nəzərə alın. Satmaq istədiyiniz real qiymətin üzərinə kiçik bir razılaşma payı əlavə edin.
Keyfiyyətli totoşəkillər və dürüst mətn
Avtomobili gündüz işığında, açıq sahədə və təmiz halda çəkin. Ön, arxa, yan tərəflər, mühərrik xanası, salon, sükan və spidometr (yürüş görünməlidir) kimi detalları çəkib yerləşdirin. Avtomobilin üstünlüklərini (vuruğsuz olması, yeni təkərlər, vaxtında dəyişən yağlar) vurğulayın. Mövcud olan kiçik qüsurları isə gizlətməyin. Unutmayın ki, dürüstlük alıcıda inam yaradır və vaxt itkisinin qarşısını alır.
Alıcı ilə görüş və test sürüşü
İlk görüşü insan sıxlığı olan açıq yerlərdə və ya servis mərkəzlərinin yanında təyin edin. Alıcı sükan arxasına keçmək istədikdə, mütləq özünüz də sərnişin oturacağında olun. Sənədləri və açarı alıcıya təkbaşına verməyin. Alıcının maşını öz tanıdığı ustaya göstərmək istəyi normaldır. Lakin şərtlər sizin nəzarətinizdə olmalı və usta baxışı zamanı avtomobilin yanında şəxsən durmalısınız.
Ödəniş və hüquqi rəsmiləşdirmə
Avtomobili heç vaxt genaral etibarnamə ilə satmayın. Əks halda, yeni sahibinin törədəcəyi qəzalara, qeydə alınan cərimələrə və ya qanunsuz əməllərə görə hüquqi məsuliyyət hələ də sizin üzərinizdə qalacaq. Satışı mütləq Dövlət Yol Polisində ada keçirmə yolu ilə rəsmiləşdirin.
Ödənişi almadan sənədlərə qol çəkməyin. Nağd pul alırsınızsa, bankda və ya pul sayan cihaz vasitəsilə saxta əskinas ehtimalını yoxlayın. Bank köçürməsi zamanı pulun hesabınıza tam oturduğundan əmin olun.
Bu addımlara riayət etməklə həm avtomobilinizi real dəyərinə satacaq, həm də gələcəkdə meydana gələ biləcək hüquqi və maliyyə problemlərindən özünüzü tam sığortalayacaqsınız.
Pərviz Şimşək


