Məktəb başlayanda valideynlərin qarşısına çıxan xərclər dərsliklə bitmir.
Dövlət tərəfindən dərsliklərlə təmin olunan şagird üçün hər fənn üzrə ayrıca iş dəftəri də alınması tələb olunur. Qiyməti 10 manatı keçən iş dəftərləri isə bir neçə fənn üzrə toplandıqda ailə büdcəsinə əlavə yük yaradır.
Bəs iş dəftərləri həqiqətən vacibdirmi? Əgər dərsliyin özündə mövzunu mənimsəmək və biliyi yoxlamaq üçün kifayət qədər tapşırıq varsa, eyni və ya oxşar çalışmaların ayrıca iş dəftərində də verilməsinə nə ehtiyac var? Üstəlik, hər iş dəftəri uşağın məktəb çantasına da əlavə yükdür. İş dəftəri tədrisin zəruri hissəsi, yoxsa valideyn üçün əlavə xərcə çevrilən vasitədir?
Təhsil eksperti Məzahir Məmmədli Hit.az-a açıqlamasında deyib ki, məktəblərdə iş dəftərlərindən istifadə məsələsinə münasibət bütün müəllimlər üçün eyni deyil:

“Tədris prosesində bu vəsaitlərə ehtiyac olduğunu düşünən müəllimlər olduğu kimi, dərslərin iş dəftəri olmadan da təşkil edilməsinin mümkün olduğunu hesab edənlər də var. Bununla yanaşı, bəzi hallarda valideynlərdən müəyyən fənlər üzrə iş dəftərləri almaları tələb olunur. Halbuki iş dəftərlərinin istifadəsi ilə bağlı bütün məktəblər üçün keçərli olan vahid tətbiq mexanizmi mövcud deyil.
Hazırkı qaydalarda iş dəftərindən istifadənin qadağan edilməsi nəzərdə tutulmadığı kimi, onun bütün şagirdlər üçün məcburi şəkildə alınması barədə də tələb müəyyənləşdirilməyib. Bu baxımdan iş dəftərindən istifadə daha çox müəllimin seçdiyi tədris üsulundan asılıdır”.
Ekspert onu da əlavə edib ki, müəllimin şagirddən iş dəftəri almasını məcburi şərt kimi irəli sürməsi üçün ayrıca göstəriş və ya tələb mövcud deyil:
“İş dəftəri dərsin təşkilində müəllim üçün əlavə vasitə rolunu oynaya bilər və onun tətbiqi konkret tədris metoduna uyğun olaraq seçilə bilər. Eyni zamanda valideyn də uşağının təhsil prosesində bu cür əlavə vəsaitdən istifadə etməsini istəyirsə, bundan yararlanmaq mümkündür. Lakin bu seçim bütün şagirdlər üçün məcburi tələbə çevrilməməlidir”.
Sevinc


