Doğuşdan sonra yaranan depressiyaya səbəb nədir?

SAĞLAMLIQ
16:00 / 23.09.2026
204

“Bir çox xanım doğuşdan sonra depressiyaya düşür. Lakin bunun əsas səbəbi təkcə stress deyil”. 

Bu sözləri klinik psixoloq Zəhra Zahidova Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, bu, bioloji, hormonal, psixoloji və sosial faktorların birlikdə təsiri ilə yaranan klinik vəziyyətdir:


“Hamiləlik zamanı estrogen və progesteron kimi hormonların səviyyəsi yüksək olur. Doğuşdan sonra isə bu hormonal sistemdə çox kəskin dəyişiklik baş verir. Xüsusilə bəzi qadınların beyninin bu hormonal dəyişikliklərə daha həssas olduğu düşünülür. 

Araşdırmalarda progesteronla əlaqəli allopregnanolon adlı neyrosteroidin doğuşdan sonra kəskin azalmasının beyin və əhval-ruhiyyə ilə əlaqəsi göstərilib. Bunun üzərinə yuxusuzluq, doğuşun fiziki yorğunluğu, körpənin daimi qayğıya ehtiyacı, ağrı, ana olmaqla bağlı məsuliyyət, özünə vaxt ayıra bilməmək, ailədən dəstəyin az olması, maddi və münasibət problemləri kimi əlavə yüklər də əlavə olunur”.

Ekspert qeyd edib ki, bunlar qadının psixoloji resurslarını ciddi şəkildə azalda bilər:
“Bundan başqa, əvvəlki depressiya və ya bipolyar pozuntu tarixçəsi, ailədə bu cür problemlərin olması və əvvəlki hamiləlikdə doğuşsonrası depressiya yaşamaq riski artırır. Yəni “niyə digər qadınlarda olmadı, məndə oldu?” sualının cavabı çox vaxt fərdi bioloji həssaslıq və həyat şəraitinin birləşməsidir. Ən vacib məqam isə budur ki, doğuşsonrası depressiya ananın zəif olması, körpəsini sevməməsi və ya yaxşı ana ola bilməməsi demək deyil”.

Psixoloq diqqətə çatdırıb ki, bu, müalicə oluna bilən tibbi-psixoloji vəziyyətdir:
“Əslində, “baby blues”dan fərqli olaraq əlamətlər 2 həftədən çox davam edir, gündəlik fəaliyyətə mane olur, güclü ümidsizlik, günahkarlıq, körpə ilə bağ qura bilməmək və ya özünə körpəyə zərər vermə düşüncələri yaranırsa, mütləq mütəxəssisə müraciət edilməlidir. Özünə və ya körpəyə zərər vermə düşüncəsi yaxud reallıqdan qopma, hallüsinasiyalar və ciddi çaşqınlıq varsa, bu artıq təcili psixiatrik yardım tələb edən vəziyyətdir”.

Pərviz

0