Bank kartları ilə bağlı yeni qərar vətəndaşların bir neçə kartdan istifadə imkanlarına təsir edə bilər.
Belə ki, dünən açıqlanan qərara əsasən, milli valyutada bir bankdan yalnız bir kartın əldə edilməsi nəzərdə tutulur. Bəs bu məhdudiyyət vətəndaşlar və bank sektoru üçün hansı nəticələrə səbəb ola bilər?
Real Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli Hit.az-a açıqlamasında bildirib ki, milli valyutada hər vətəndaşın yalnız bir bank kartına sahib olmasına dair yanaşma əvvəlki məhdudiyyətlərin davamı kimi qiymətləndirilə bilər:

“Bir neçə həftə əvvəl kartdan karta köçürmələrlə bağlı müəyyən məhdudiyyətlər tətbiq edilib. Beş köçürmədən artıq əməliyyatların məhdudlaşdırılması ilə bağlı qərarın əsas məqsədlərindən biri vergidən yayınmanın qarşısını almaq olub”.
Ekspert hesab edir ki, bu yanaşma problemin həlli deyil:
“Biz o zaman da demişdik ki, insanlar həmin məhdudiyyətlərdən yan keçmək üçün öz adlarına bir neçə bank kartı aça bilərlər. İndi isə bunu nəzərə alaraq yeni məhdudiyyət gətirilir və vətəndaşın milli valyutada yalnız bir kartının ola biləcəyi bildirilir”.
Həmsöhbətimiz hesab edir ki, belə məhdudiyyət həm vətəndaşların seçim imkanlarını, həm də bankların fəaliyyətini məhdudlaşdıra bilər:
“Ölkədə bir neçə bank fəaliyyət göstərir. Vətəndaş bir bankla kifayətlənməyib, müxtəlif bankların təqdim etdiyi üstünlüklərdən istifadə etmək istəyə bilər. Əgər həmin şəxsin kartdan karta əməliyyatlarla bağlı heç bir problemi yoxdursa, adi vətəndaş kimi onun üçün niyə belə məhdudiyyət qoyulmalıdır? Yeni məhdudiyyətin “diskriminativ qərar” kimi qiymətləndirilməli və gələcəkdə bu qərarın ləğv edilə biləcəyini istisna etmirəm”.
Sevinc


