“Türk Söhbəti”nin buhəftəki qonağı beynəlxalq münasibətlər üzrə ekspert Zeynep Gizem Özpınardır.
Onunla Türkiyə-Yunanıstan gərginliyi və Şimali Kipr Türk Respublikası barədə danışdıq. Həmçinin, İran müharibəsi, ABŞ-dəki aralıq seçkiləri, eləcə də Qrenlandiyanın Amerikanın nəzarətinə keçməsi barədə müzakirə apardıq:
- Zeynep xanım, son zamanlarda Türkiyə ilə Yunanıstan arasında gərginlik yaşanır. Bunun əsas səbəbləri nədir?

- Türkiyə ilə Yunanıstan arasındakı gərginliyin əsasında Egey və Şərqi Aralıq dənizində dəniz və hava sahələrinə dair fərqli hüquqi yanaşmalar dayanır. Ərazi suları, kontinental şelf və dəniz səlahiyyət sahələrinin məhdudlaşdırılması, adaların silahsızlaşdırılmış statusu, hava məkanı, uçuş məlumat bölgəsi və axtarış-xilasetmə zonaları kimi mövzular uzun müddətdir həllini tapmayan məsələlər sırasındadır.
Egeydə hər iki ölkənin ərazi suları qarşılıqlı olaraq 6 dəniz milidir. Yunanıstanın bunu 12 dəniz milinə çatdırmaq ritorikası Egeyin coğrafi quruluşu səbəbindən Ankara baxımından ciddi təhlükəsizlik problemi yaradır. Genişlənmənin bu cür həyata keçirilməsi açıq dəniz sahələrini daraldaraq Türkiyənin Egeydəki hərəkət sahəsini əhəmiyyətli dərəcədə məhdudlaşdıra bilər. Bu səbəbdən 12 mil məsələsi birbaşa milli təhlükəsizliklə bağlı olan bir mövzudur.
- Tərəflər arasında hava ilə bağlı problemlər də var...

- Bəli, hava məkanında da bənzər bir gərginlik mövcuddur. Yunanıstan ərazi suları 6 mil olmasına baxmayaraq, milli hava məkanının 10 mil olduğunu iddia edir. Türkiyə isə 6 ilə 10 mil arasındakı sahəni beynəlxalq hava məkanı kimi qəbul edir. Uçuş məlumat bölgəsi məsələsində də iki anlayışın birbirindən fərqləndirilməsi vacibdir. Bu, mülki hava hərəkətinin təhlükəsiz və nizamlı həyata keçirilməsi məqsədilə yaradılmış texniki məsuliyyət zonasıdır. Bu, suverenlik sahəsi demək deyil. Ankaranın etirazı Afinanın uçuş məlumat bölgəsinin məsuliyyətini suverenlik hüququ kimi şərh etməsinə yönəlib.
Axtarış-xilasetmə zonaları da oxşar bir mübahisə sahəsidir. Axtarış-xilasetmə fəaliyyətinin məqsədi insan həyatını xilas etmək və zəruri koordinasiyanı təmin etməkdir. Türkiyə ilə Yunanıstan arasında bu zonaların məhdudlaşdırılmasına dair hər hansı saziş yoxdur. Bu səbəbdən axtarış-xilasetmə zonalarının suverenlik sahəsi kimi təqdim olunması onun hüquqi mahiyyəti ilə uzlaşmır. Adaların silahsızlaşdırılmış statusu da gərginliyin vacib tərkib hissələrindən biridir. Şərqi Egey adaları və 12 adanın statusu Lozanna və Paris Sülh müqavilələri ilə müəyyən edilib. Yunanıstanın bu adalardakı hərbi varlığını artırması Türkiyə tərəfindən sözügedən müqavilələrin müddəalarına zidd bir əməl kimi qiymətləndirilir.
Xüsusilə Yunanıstanın Baş nazir Kiriakos Mitsotakisin Meis adasına son səfəri zamanı nümayiş etdirilən görüntülər ilə Afina müqavilə müddəalarını pozduğunu öz əli ilə sübut etmiş oldu. Son dövrlərdə dəniz parkları, dəniz məkan planlaşdırılması, enerji fəaliyyətləri və Yunanıstanın regional müdafiə əməkdaşlıqları da mövcud ixtilaflara yeni ölçülər əlavə etdi. Buradakı əsas məsələ Yunanıstanın Egeydə birtərəfli addımlar və maksimalist tələblər vasitəsilə yeni faktiki vəziyyətlər yaratmağa çalışmasıdır. Ankara isə problemlərin iki sahilyanı ölkənin qanuni hüquqları nəzərə alınaraq və qarşılıqlı razılıqla müzakirə edilməli olduğunu müdafiə edir.
- Bəs Türkiyə ilə Yunanıstan arasında hər hansı hərbi toqquşmanın baş vermə ehtimalı varmı?

- Türkiyə ilə Yunanıstan arasında hərbi toqquşma ehtimalı, xüsusilə Egeydə iki ölkənin qarşı-qarşıya gəldiyi sahələr və həll olunmayan suverenlik mübahisələri səbəbindən nəzərdən qaçırıla bilməz. Lakin mövcud şəraitdə daha reallığa uyğun risk tərəflərin şüurlu bir müharibə seçimindən daha çox, meydanda baş verə biləcək bir insidentin siyasi və hərbi gərginliyə çevrilməsidir. Bu səbəbdən iki ölkə arasındakı mövcud əlaqə kanallarının qorunub saxlanılması böyük əhəmiyyət kəsb edir.
Türkiyə və Yunanıstanın NATO üzvü olması, iqtisadi əlaqələrin davam etməsi və diplomatik təmasların sürdürülməsi baş verə biləcək böhranın nəzarət altında saxlanılması baxımından mühüm amillərdir. Lakin bu mexanizmlərin mövcudluğu əsas ixtilafların öz-özünə aradan qalxacağı demək deyil. Xüsusilə Afinanın yeni faktiki vəziyyətlər yarada biləcək addımları mövcud həssaslıqları yenidən alovlandıra bilər.
Gərginliyin idarə olunması qədər, beynəlxalq ictimaiyyətə necə təqdim edilməsi də mühümdür. Yunanıstan son dövrdə Egeydəki ixtilafları “Türkiyə təhdidi” ritorikası vasitəsilə çatdıraraq özünü təhlükəsizlik təhdidi ilə üz-üzə qalan tərəf kimi mövqeləndirməyə çalışır. Türkiyənin beynəlxalq hava məkanındakı fəaliyyətinin, hərbi təlimlərinin və ya Egeydəki hüquqi etirazlarının Yunanıstana qarşı təcavüzkarlıq kimi təqdim edilməsi ixtilafların hüquqi və tarixi arxa fonunu ikinci plana sıxışdırır. Belə bir narrativ Afinanın müdafiə siyasətinə beynəlxalq dəstək qazanmaq cəhdinə də zəmin yaradır.
- Bu məsələdə rəsmi Ankaranın mövqeyi nədir?

- Halbuki Egeydəki prosesləri qiymətləndirərkən hansı ölkənin hansı addımı atdığı və bunun beynəlxalq hüquq, eləcə də mövcud müqavilələr baxımından nə məna kəsb etdiyi ortaya qoyulmalıdır. Türkiyənin yanaşması Yunanıstanla münaqişə axtarmaq üzərində qurulmayıb. Lakin bu yanaşma Ankaranın öz suverenliyini və təhlükəsizliyini təhdid edən bir gediş qarşısında sakit dayanacağı və ya cavab verməyəcəyi mənasına gəlmir.
Türkiyə Böyük Millət Məclisinin (TBMM) 8 iyun 1995-ci il tarixli qərarı ilə Yunanıstanın Egeydə ərazi sularını 12 dəniz milinə çatdırmasının Türkiyə baxımından müharibə səbəbi sayılacağı bəyan edilmişdir. Bu qərar 12 mil məsələsinin Ankara baxımından daşıdığı strateji əhəmiyyəti aydın şəkildə nümayiş etdirir. Dolayısı ilə diplomatiya kanallarının açıq saxlanılması qədər, Afinanın yeni faktiki vəziyyətlər yaratmaq cəhdlərindən əl çəkməsi və Türkiyənin mövcud qırmızı xətlərini nəzərə alması da böhranların hərbi gərginliyə keçməsinin qarşısını almaq baxımından kritik vacibdir.
- İki ölkə arasındakı ən böyük gərginliklərdən biri də Şimali Kipr Türk Respublikasıdır (ŞKTR). Necə düşünürsünüz, ŞKTR-nin müstəqilliyinin beynəlxalq aləmdə tanınması üçün hansı addımların atılmasına ehtiyac var?

- ŞKTR-nin beynəlxalq müstəvidə tanınması üçün ilk növbədə mövcud diplomatik yanaşmanın daha sistematik və çoxşaxəli hala gətirilməsi lazımdır. Kiprdə artıq keçmişdəki federasiya modellərinin dəfələrlə müzakirə olunması ilə nəticə əldə edilə bilməyəcəyi aydındır. Adada iki ayrı xalq və iki ayrı dövlət mövcuddur. Türkiyənin yanaşması da bu reallıq əsasında iki dövlətli həll yolunun və Kipr Türk xalqının suveren bərabərliyi ilə bərabər beynəlxalq statusunun qəbul edilməsi istiqamətindədir.
Bunun ilk mərhələsi ŞKTR-nin mövcud diplomatik əlaqələrinin dərinləşdirilməsi olmalıdır. Türk Dövlətləri Təşkilatının ŞKTR-ni müşahidəçi üzv kimi qəbul etməsi mühüm diplomatik uğurdur. Bundan sonrakı prosesdə xüsusilə Türk dünyası başda olmaqla müxtəlif ölkələrlə siyasi, iqtisadi, mədəni və parlamentlərarası təmasların artırılması tələb olunur.
İkinci olaraq, ŞKTR-nin beynəlxalq təcridinin aradan qaldırılması vacibdir. Birbaşa ticarət, nəqliyyat, təhsil, turizm və iqtisadi əlaqələrin qarşısındakı məhdudiyyətlərin ləğvi üçün daha intensiv diplomatik təşəbbüslər irəli sürülməlidir. Çünki siyasi tanınma qədər mühüm olan digər bir məsələ də ŞKTR-nin beynəlxalq sistemlə faktiki əlaqələrinin gücləndirilməsidir. Türkiyə Xarici İşlər Nazirliyi də birbaşa uçuşlar, birbaşa ticarət və ŞKTR rəhbərliyinin üçüncü ölkələrdəki tərəfdaşları ilə təmas imkanlarının artırılmasını prioritet mövzular arasında göstərir.
- Bəs Şimali Kiprlə bağlı əsas hədəf nədən ibarətdir?

- Kipr Türk xalqının siyasi bərabərliyi məsələsi beynəlxalq platformalarda daha təsirli şəkildə izah olunmalıdır. Rum tərəfinin guya bütün adanı təmsil edən yeganə dövlət kimi qəbul olunması Kipr türklərinin siyasi və iqtisadi hüquqlarının beynəlxalq sistemdə arxa plana keçməsinə gətirib çıxarır. Buradakı əsas ziddiyyət də elə bundadır: Kipr türkləri nizamlanma proseslərində siyasi bərabərlik tələb etdiyi halda, Rum tərəfi beynəlxalq səviyyədə tanınmış dövlət statusunun verdiyi üstünlükləri qoruyur və ŞKTR əleyhinə təbliğat aparır.
ŞKTR-nin tanınması tək bir diplomatik gedişlə baş tutacaq proses kimi qiymətləndirilməməlidir. Türkiyənin ŞKTR ilə birlikdə üçüncü ölkələrlə təmasları artırması, iqtisadi və ticarət əlaqələrini genişləndirməsi, Türk dünyasındakı dəstəyi institusionalizasiya etməsi və iki dövlətli həll tezisini beynəlxalq ictimaiyyətə daha qətiyyətlə çatdırması lazımdır. Yekun hədəf isə Kipr Türk xalqının suveren bərabərliyinin və bərabər beynəlxalq statusunun qəbul olunması olmalıdır. Türkiyənin mövcud rəsmi yanaşması da bu istiqamətdədir.
- Ötən həftələrdə ABŞ mətbuatında İran müharibəsinin 2029-cu ilə qədər davam edə biləcəyi, hətta Trampın komandasının bu qənaətdə olduğu yazıldı. Doğrudanmı bu müharibə o qədər uzana bilər?

- Bu ehtimal tamamilə istisna edilə bilməz. “Wall Street Journal” nəşrinin 9 sentyabr tarixli xəbərində Prezident Donald Trampın yüksək səviyyəli müşavirlərinin İranın ABŞ təzyiqinə müqavimət göstərməyə davam etməsi təqdirdə, müharibənin Trampın səlahiyyət müddətinin sonuna, yəni 2029-cu ilin yanvarına qədər uzana biləcəyi ehtimalını dəyərləndirdiyi bildirildi. Trampın BMT-dəki səfiri Mayk Uolts da 20 sentyabrda müharibənin başa çatması üçün hər hansı təqvim verməkdən çəkindi.
Lakin 2029-cu ilə qədər davam edən müharibə bugünkü intensivlikdə fasiləsiz bir hərbi toqquşma mənasına gəlmir. Daha uzunmüddətli iqtisadi blokada, raket və pilotsuz uçuş aparatı (PUA) hücumları, dəniz nəqliyyatına yönəlmiş təzyiq, regional proksi qüvvələr vasitəsilə toqquşmalar və dövrü atəşkəslər şəklində irəliləyən bir müharibə də mümkündür. Onsuz da müharibənin əvvəlində Vaşinqton tərəfindən bir neçə həftə ərzində yekunlaşdırılacağı proqnozlaşdırılmasına baxmayaraq, toqquşmanın təxminən 7 aydır davam etməsi ilkin hədəflərlə meydandakı reallıq arasındakı fərqi göstərir.
Yəni 2029 ssenarisini dəqiqləşmiş bir təqvim kimi görmək doğru olmazdı. Lakin İranın müqavimət gücü, ABŞ-nin iqtisadi və hərbi təzyiqi davam etdirmək iradəsi və Hörmüz boğazı başda olmaqla regional proseslər səbəbindən münaqişənin uzunmüddətli böhrana çevrilmə ehtimalı ciddi şəkildə gündəmdədir.
- ABŞ Prezidenti Donald Tramp Qrenlandiya məsələsində Danimarka ilə razılığa gəldiklərini bəyan etdi. Uzun müddət sonra nə üçün Danimarka və Qrenlandiya ABŞ ilə razılaşdı?

- Burada ilk növbədə əldə olunan razılaşmanın Qrenlandiyanın ABŞ-yə təhvil verilməsi mənasına gəlmədiyini fərqləndirmək lazımdır. ABŞ, Danimarka və Qrenlandiya arasında əldə edilən tənzimləmə əsasən təhlükəsizlik və hərbi əlçatanlıq sahəsində Vaşinqtonun rolunu genişləndirir. Lakin müqavilənin bütün təfərrüatları hələlik ictimaiyyətə açıqlanmayıb. Tramp sazişin ABŞ-yə Qrenlandiyanın təhlükəsizliyi üzərində daimi səlahiyyət verdiyini bildirsə də, Danimarka və Qrenlandiya tərəfi suverenliyin qorunub saxlanılacağını xüsusilə vurğuladı. Danimarka və Qrenlandiya nöqteyi-nəzərindən əsas məsələ ABŞ ilə münasibətləri tamamilə kəsmədən Arktika təhlükəsizliyini idarə etməkdir.
Qrenlandiyanın coğrafi mövqeyi, Şimali Atlantika ilə Arktika arasındakı əlaqəsi, həmçinin Rusiya və Çinin bölgədə artan strateji varlığı adanı Vaşinqton üçün mühüm hala gətirir. ABŞ baxımından isə məsələ Şimali Atlantika-Arktika xəttində hərbi erkən xəbərdarlıq, raketdən müdafiə, kosmik infrastrukturu və rəqib qüvvələrin regiondakı fəaliyyətinin məhdudlaşdırılmasıdır.
Yəni burada Danimarka və Qrenlandiyanın Vaşinqtonun bütün tələblərini qəbul etməsindən daha çox, ABŞ-nin təhlükəsizlik tələblərini öz suverenliklərini qoruyacaq bir çərçivəyə salaraq razılaşmaya çevirmək cəhdindən bəhs etmək daha doğru olar. Trampın əvvəllər gündəmə gətirdiyi Qrenlandiyanı satın almaq və ya nəzarətə götürmək yanaşması ilə müqayisədə mövcud tənzimləmə daha çox strateji əlçatanlıq və təhlükəsizlik əməkdaşlığı müstəvisində formalaşmış görünür.
- Bu arada, aralıq seçkilərində Trampın partiyasının qələbə şanslarını necə qiymətləndirirsiniz?

- ABŞ-də 2026-cı il ara seçkiləri 3 noyabr 2026-cı ildə keçiriləcək. Bu seçkilərdə Nümayəndələr Palatasının tamamı və Senatın təxminən üçdə biri yenilənəcək. Mövcud vəziyyətə nəzər saldıqda, Respublikaçılar baxımından ən mühüm problemlərdən biri Trampın ictimai dəstəyi və iqtisadiyyatla bağlı qiymətləndirmələrdir. “Reuters/Ipsos” agentliyinin 21 sentyabr tarixli sorğusunda Trampın fəaliyyətinə verilən dəstək 32 faizə gerilədiyi halda, Konqres üçün seçim sualında Demokratlar 43 faiz, Respublikaçılar isə 35 faiz səviyyəsində ölçüldü. Eyni sorğuda İran müharibəsi və bahalaşma da Tramp administrasiyasına qarşı narazılığın əsas mövzuları arasında yer aldı.
Bununla belə, milli səviyyədəki səsvermə meylləri təkbaşına Konqresə nəzarəti müəyyən etmir. Xüsusilə Senat seçkiləri ştatlar üzrə yarışlardan asılı olduğu üçün ölkəvi sorğunun nəticəsi birbaşa yerlərin bölgüsünə şamil edilə bilməz. Üstəlik, Respublikaçıların güclü olduğu bəzi ştatlardakı yarışlar ilə Nümayəndələr Palatasındakı rəqabət ayrı-ayrılıqda qiymətləndirilməlidir. Bu gün üçün demək olar ki, Respublikaçılar Konqresdəki əksəriyyətlərini qoruyub saxlamaq baxımından ciddi rəqabətlə üz-üzədirlər.
Elmir Mustafa


