Bakı nəqliyyat sıxlığından boğulur.
Doğrudan da bu gün Bakı boğulur. Səhər saatlarında işə və məktəbə gedənlər, universitetə tələsən tələbələr, gün ərzində müxtəlif ünvanlara getməli olan insanlar üçün şəhərdə hərəkət etmək getdikcə daha böyük problemə çevrilir. Küçələrdə kilometrlərlə uzanan avtomobil sıraları, dayanacaqlarda gözləyən insanlar, dolu avtobuslar və dəyişən marşrutlar Bakının gündəlik mənzərəsinə çevrilib.
Bir vaxtlar “tıxac” deyib keçdiyimiz problem indi insanların gündəlik həyatına ciddi şəkildə təsir edir. Səhər evdən çıxan insan işə nə vaxt çatacağını, axşam isə evinə nə qədər müddətə qayıdacağını dəqiq hesablaya bilmir. Bəzən məsafəcə yaxın olan bir ünvana çatmaq belə saatlarla vaxt aparır.
Metroda yaranan hərəkət məhdudiyyətləri də sərnişinlərin gündəlik marşrutlarına təsirsiz ötüşmür. Bir xəttdən düşüb digər nəqliyyat vasitəsinə keçmək, yenidən avtobusa minmək, bəzi hallarda marşrutu dəyişmək məcburiyyəti insanların yolunu həm uzadır, həm də əlavə yorğunluq yaradır. Avtobus marşrutlarında baş verən dəyişikliklər isə vəziyyəti daha da mürəkkəbləşdirir.
Şəxsi avtomobilindən istifadə edənlər də vəziyyətdən kənarda qalmır. Əksinə, sükan arxasında saatlarla hərəkətsiz və ya olduqca aşağı sürətlə qalmaq sürücülər üçün ayrıca bir gərginlik yaradır. İnsan bir neçə dəqiqəlik yolu getmək üçün uzun müddətini yolda keçirir. Nəticədə işə gecikən, görüşünü qaçıran, uşağını məktəbdən götürməyə tələsən, həkim qəbuluna yetişməyə çalışan insanlar vaxtla yarışmalı olurlar.
Məsələ yalnız vaxt itkisi də deyil. Saatlarla tıxacda qalmaq insanı fiziki və emosional olaraq yorur. Sürücü daim sükan arxasında gözləyir, sərnişin dayanacaqdan dayanacağa hərəkət edir, hamının beynində isə eyni fikir dolaşır: “Bu yolu nə vaxt gedib başa çatdıracağam?”
Taksi xidmətlərindən istifadə etmək istəyənlər üçün də seçim həmişə rahat olmur. Qiymətlərin yüksək olması bir çox insanı bu variantdan uzaqlaşdırır. Beləliklə, şəhərdə nəqliyyat vasitələrinin sayı çox olsa da, insan üçün əlçatan və sürətli alternativ tapmaq hər zaman mümkün olmur.
Ən maraqlısı isə budur ki, Bakıda məsafələr bəzən o qədər də böyük deyil. Problem kilometrlərdə yox, həmin kilometrlərin nə qədər vaxta qət edilməsindədir. Şəhərin bir nöqtəsindən digərinə getmək üçün sərf olunan vaxt artıq insanların gündəlik planlarını dəyişir. Bakı böyüyür, əhalinin və nəqliyyat vasitələrinin sayı artır, insanların hərəkətliliyi yüksəlir, ancaq şəhərdə hərəkət etmək asanlaşmaq əvəzinə bəzi günlərdə daha da çətinləşir.
Sevinc


