Dil canlı orqanizmə bənzəyir. Cəmiyyət dəyişdikcə onun danışıq tərzi, ifadələri və söz ehtiyatı da dəyişir.
Texnologiya, elm, sosial media, yeni peşələr və qloballaşma gündəlik həyatımıza əvvəllər istifadə etmədiyimiz çoxsaylı sözlər gətirir. Bu gün “onlayn”, “platforma”, “kontent”, “trend”, “podkast”, “startap” kimi ifadələrə tez-tez rast gəlirik. Bəziləri isə artıq o qədər geniş işlənir ki, onları yad söz kimi qəbul etməyə belə bilirik.
Bəs yeni sözlərin dilimizə daxil olması dilin inkişafıdır, yoxsa ana dilinin tədricən öz xüsusiyyətlərini itirməsi?
Əslində, başqa dillərdən söz almaq hər bir dil üçün təbii prosesdir. Azərbaycan dilinin lüğət tərkibi də tarix boyu müxtəlif dillərlə təmas nəticəsində zənginləşib. Əsas məsələ sözün hansı dildən gəlməsi deyil, onun dilimizdə necə işlənməsidir.
Əgər yeni anlayışı ifadə etmək üçün dilimizdə qarşılığı yoxdursa və alınma söz həmin boşluğu doldurursa, bu, dilin zənginləşməsi kimi qiymətləndirilə bilər. Lakin dilimizdə qarşılığı olan sözün sırf “daha müasir” və ya “daha prestijli” səsləndiyi üçün yad ifadə ilə əvəzlənməsi artıq başqa məsələdir.
Məsələn, gündəlik danışıqda “meeting”, “feedback”, “deadline”, “update”, “online”, “offline” kimi sözlərin həddindən artıq işlədilməsi bəzən cümlənin Azərbaycan dilində qurulmasına baxmayaraq, onun mahiyyətcə başqa dilin düşüncə tərzinə yaxınlaşmasına səbəb olur. Problem təkcə bir neçə sözün istifadəsində deyil. Sözlər dəyişdikcə ifadə formaları, cümlə quruluşu və hətta insanların fikirlərini çatdırmaq üsulu da dəyişə bilər.
Xüsusilə sosial şəbəkələr bu prosesi daha da sürətləndirir. Bir söz əvvəlcə müəyyən qrup arasında dəbə düşür, sonra influencerlərin, bloqerlərin, reklamların və gündəlik ünsiyyətin təsiri ilə geniş yayılır. Bir müddət sonra həmin ifadə artıq “normal danışıq” kimi qəbul edilir. Beləliklə, dilə daxil olan hər yeni söz əvvəlcə yad səslənsə də, zaman keçdikcə adiləşə bilir.
Amma burada başqa bir təhlükə də var, dilə yeni sözlərin gəlməsi ilə dilin öz sözlərini unutması eyni şey deyil. Əgər “yeni” adı ilə mövcud və anlaşıqlı Azərbaycan sözlərini ardıcıl şəkildə kənarlaşdırırıqsa, bu zaman məsələ artıq dilin zənginləşməsindən yox, öz söz ehtiyatımızdan istifadənin azalmasından gedir. Bir dilin gücü yalnız onun lüğətində neçə söz olmasında deyil, həmin dilin öz imkanlarından nə qədər səmərəli istifadə edilməsindədir.
Bu baxımdan, dilimizi qorumağın yolu onu dəyişməz saxlamaq deyil. Əksinə, dil dəyişməli, yeni anlayışları ifadə etməli, müasir həyatla ayaqlaşmalıdır. Ancaq bu dəyişiklik zamanı ana dilinin daxili imkanları, söz yaradıcılığı və özünəməxsus ifadə sistemi də qorunmalıdır. Dil yeni sözlər qəbul etdikcə inkişaf edə bilər, amma öz sözlərini unutmağa başladıqda zənginləşmir – öz yaddaşından uzaqlaşır.
Sevinc


