Son vaxtlar toy mərasimlərinin keçirilməsində də fərqli tendensiya müşahidə olunur.
Xüsusilə həyət evlərində, çadır və ya palatkalarda daha sadə və xudmani toy edənlərin sayının artdığı görünür. Bəs insanları restoran və şadlıq saraylarından uzaqlaşdıraraq daha kiçik və sadə mərasimlərə yönəldən əsas səbəblər nələrdir?
Sosioloq Mətləb Salahov Hit.az-a açıqlamasında bildirib ki, artıq ötən əsrin 80-ci illərindən Azərbaycanda dəb halını alan şadıq sarayları formatında toy etmək ənənəsi artıq günümüzdə aktuallığını tamamilə itirmək üzrədir:
“Düşünürəm ki, hazırkı vaxtda menyusu az qala 100 manatdan başlayıb 300 və daha yuxarı qiymətələrə gedib çıxan şadlıq evləri ilə vidalaşmaq vaxtıdır. Bu proses çox yaxın vaxtlarda sürətlənə bilər. Çünki aylıq 400-500 manat maaş alan Azərbaycan vətəndaşları üçün bu qiymətlər əlçatmaz həddə çatıb.
Stolun biri az qala 100 manatdan başlayan belə menyu üçün toya gələn bir nəfərin azı 200 manat pul yazdırması qaçılmazdır. Əks təqdirdə, toy sahibinin şadlıq sarayına ödəyəcəyi məbləğ qarşılığında qab-qaşıq yuması və ya bəy-gəlinin pul ödənilənə qədər toy yerində saxlanılması baş verə bilər”.

Həmsöhbətimiz təəssüf hissi ilə bildirib ki, toy ənənələrimiz acınacaqlı hala gəlib çıxıb:
“Min illərdir davam edən bəzi qüsurlu vərdişlərimiz də bu məsələdə özünü qabarıq şəkildə ortaya qoyub. Məlum olub ki, biz gənclərin sevincli gününü, həyatlarındakı ən əlamətdar bu dəyərli hadisəni toy biznesinin alətinə çevirmişik. Acı da olsa reallıqdır ki, əksər insanlar daha çox pul yığmaq, özünü və imkanlarını reklam etmək, bəzən də kasıb olduğu halda başqaları ilə ayaqlaşmaq üçün borc-xərc hesabına da olsa şadlıq evlərini insanlarla doldurmaq yarışına girirlər.
Təsəvvür edin ki, şadlıq saraylarının toy keçirilən zalları səsgücləndirici dimaniklərlə doldurulub, orda əyləşən insanların qulaqları fonoqramma “musiqi” səsindən partlamaq həddinə çatır. Bu səs-küydən şadlıq saraylarında toy zamanı heç yeməkdən dadmaq belə mümkün deyil. Belə bir vəziyyətdə nə məcburdur 300-500 adamı doldurasan belə yerlərə? Hazırda şadlıq saraylarında menyu qiymətləri fantastik həddədir və çox tezliklə insanlar ya məhdud sayda qohum əqrəbanın iştirak edəcəyi kiçik toy formatına keçəcəklər, ya da mümkün olduğu qədər həyət evlərində toy mağarı qurmaqla gənclərin sevincli gününü qeyd edəcəklər”.
Sosioloq diqqətə çatdırıb ki, şadlıq saraylarındakı fantastik qiymətlər sosial böhran içində çabalayan, aylıq gəliri 500-600 manatdan yuxarı çıxmayan əksər vətəndaşlar üçün əlçatan deyil:
“Ümid etmək istəyirəm ki, nəhayət bizim cəmiyyətdə anlamağa başlayarlar ki, toy biznes və ya reklam yeri deyil. Küçədə salam verdiyin adamları şadlıq saraylarına doldurmaqla toy olmur. Gəncləri 15-20 nəfərlik xudmani şadyanalıqla da təbrik etmək mümkündür. Şadlıq saraylarına xərclənın o böyük pulları gələcək ailənin əmlak və başqa məsələlərinə ayırsaq bu daha məntiqli olmazmı?
Nəhayət ki, anlamalıyıq ki, xoşbəxtlik maşınlarla dolu cehiz vermək, 500-600 adamı şadlıq saraylarına doldurmaqla, hər növ yeməklə toy keçirmək, qır-qızıl reklamı etmək qətiyyən xoşbəxtlik deyil. Xoşbəxtlik iki gəncin sağlam dəyərlər üzərində ailə səadəti qurmasıdır”.
Sevinc


