Son vaxtlar sosial şəbəkələrdə adi şamdan fərqli olaraq, insanın arzularını və niyyətlərini gerçəkləşdirdiyi iddia edilən şamların satışı ilə bağlı paylaşımlara rast gəlmək mümkündür.
Söhbət elektrik kəsiləndə yandırılan adi şamlardan yox, üzərinə müəyyən niyyətlər yüklənən, müxtəlif rəng və qiymətlərdə təqdim olunan məhsullardan gedir. Bu şamların hər birinə isə ayrıca məna verilir.
Məsələn, yaşıl rəngli şamın ruzi-bərəkət və bolluq gətirdiyi, qırmızı şamın sevgi və münasibətlərdə bəxt açdığı, sarı şamın iş və karyerada uğura səbəb olduğu iddia edilir. Ağ şama həyatın aydınlanması, müsbət enerjinin artması kimi mənalar yüklənir. Qara şamla bağlı isə daha fərqli iddialar səslənir – guya insanın üzərindəki mənfi enerjini, ona edildiyi düşünülən cadu və digər pislikləri aradan qaldırır.
Ən çox diqqətçəkənlərdən biri isə münasibətlərlə bağlı satılan şamlardır. Sosial şəbəkələrdə bəzi şamların ayrılmış sevgilini, nişanlını və hətta həyat yoldaşını geri qaytaracağı iddia olunur. Məsələn, müəyyən qiymətə satılan qırmızı rəngli bir şamın xüsusi niyyətlə yandırılması nəticəsində qarşı tərəfin yenidən həmin şəxsin həyatına qayıdacağı vəd edilir.
Belə məhsulların qiyməti də kifayət qədər dəyişir. Bir neçə manata satılan şamlardan tutmuş, daha yüksək məbləğə təklif olunan variantlara qədər müxtəlif qiymətlərə rast gəlmək mümkündür. Məhsulun qiyməti artdıqca ona verilən vədlərin də daha “xüsusi” təqdim edilməsi diqqət çəkir.
Bəs bir şam həqiqətən insanın taleyini dəyişə, gedən insanı geri qaytara, ruzi-bərəkəti artıra və ya karyerada uğur gətirə bilərmi?
Burada artıq inanc ilə real təsir arasındakı sərhəd məsələsi ortaya çıxır.
İnsan çətin vəziyyətdə olanda, xüsusilə münasibətini itirdikdə, maddi sıxıntı yaşadıqda və ya gələcəyi ilə bağlı narahatlıq keçirdikdə çıxış yolu axtarır. Belə məqamda ona “arzunuzu gerçəkləşdirəcək”, “bəxtinizi açacaq”, “gedəni geri qaytaracaq” kimi vədlər verilməsi psixoloji baxımdan cəlbedici görünə bilər.
Şamın rəngi, qoxusu, üzərində yazılan sözlər və ona aid edilən mistik məna insanda müəyyən gözlənti yarada bilər. Ayrılmış şəxsin geri qayıtması üçün şam yandırmaqdan daha çox, münasibətin niyə bitdiyini anlamaq, qarşı tərəfin istəyini nəzərə almaq və real səbəblərlə üzləşmək lazımdır.
Eyni vəziyyət pul, iş və uğur məsələsinə də aiddir. Yaşıl şam yandırmaq insanın maddi vəziyyətini avtomatik dəyişmir. Sarı şamı yandırmaq işdə nəticənin zəmanəti deyil. Ağ şam isə həyatdakı problemləri öz-özünə aradan qaldırmır. Bununla belə, şam yandırmağın insan üçün heç bir mənası yoxdur demək də düzgün olmaz.
Bəzi insanlar üçün belə bir ritual sakitləşdirici ola, düşüncələrini toplamağa və özünü daha yaxşı hiss etməyə kömək edə bilər. Burada təsirin şamın sehrli xüsusiyyətindən deyil, insanın həmin rituala verdiyi psixoloji mənadan qaynaqlanması mümkündür. Problem isə bu inancın insana zəmanət kimi satılmağa başladığı məqamda yaranır. “Bu şamı yandır, sevgilin qayıdacaq”, “bunu al, ruzin açılacaq”, “bu rəng işdə uğur gətirəcək” kimi qəti vədlər artıq sadəcə inancla bağlı şəxsi seçim deyil...
Sevinc


