Müasir dövrdə rəqəmsal platformaların sürətli inkişafı insanların əyləncə və mədəniyyət vərdişlərini köklü şəkildə dəyişdirib.
Artıq evdən çıxmadan, bir neçə toxunuşla istənilən film və ya seriala baxmaq imkanı kütləvi auditoriya üçün ən cəlbedici komfort rahatlığına çevrilib. Bu rəqəmsal rahatlıq fonunda isə klassik səhnə sənətinə - canlı teatr tamaşalarına olan marağın tədricən zəifləməsi aydın hiss olunur. Artıq bir çoxları bilet almaq, vaxt ayırıb teatra getmək və müəyyən olunmuş seans saatına uyğunlaşmaq kimi prosesləri əlavə zəhmət hesab edir.
Ekran qarşısında fərdi rahatlıq zonasına vərdiş etmiş müasir tamaşaçı üçün teatrın təqdim etdiyi canlı canlı emosional kontakt öz əvvəlki cəlbediciliyini itirmək təhlükəsi ilə üz-üzədir. İnsanların vizual kontent istehlakındakı bu tənbəlləşmə meyli səhnə sənətinin auditoriya toplamaq imkanlarını ciddi şəkildə məhdudlaşdırır.
Nəticədə, teatr yalnız sadiq sənətsevərlərin müraciət etdiyi spesifik bir məkana çevrilərək geniş kütlələrdən uzaqlaşır. Rəqəmsal əsrin gətirdiyi bu rahatlıq aludəçiliyi isə əsrlər boyu yaşayan canlı səhnə mədəniyyətinin gələcək taleyini sual altında qoyur...
“Xpress.az” saytının təsisçisi, teatrşünas Xəyalə Rəis Hit.az-a açıqlamasında bildirib ki, rəqəmsal platformaların artması teatr tamaşaçısının azalmasına təsir edən amillərdən biri ola bilər, amma bunu yeganə və birbaşa səbəb kimi göstərmək düzgün olmaz:

“Araşdırmalar da bu məsələdə daha mürəkkəb mənzərə ortaya qoyur. Azərbaycanda rəqəmlər müəyyən azalma olduğunu göstərir: dövlət teatrlarına gələn tamaşaçıların sayı 2023-cü ildə 430 min, 2024-cü ildə 419 min, 2025-ci ildə isə 412,6 min olub. Eyni zamanda nümayiş olunan tamaşaların sayı da 3764-dən 3518-ə, yeni quruluşların sayı isə 50-dən 39-a düşüb. Hazırda teatrın qarşısında komfort kimi yeni rəqib var. Əvvəllər insanın axşamını keçirmək üçün seçimləri daha məhdud idi. Teatra, kinoya, konsertə getmək, dostlarla görüşmək və ya televizora baxmaq əsas alternativlərdən idi. İndi isə insanın cibində bütöv bir əyləncə platforması var.
İstədiyin filmi və serialı istədiyin saatda, istədiyin yerdə, heç yerə getmədən, növbə gözləmədən, bəzən daha münasib qiymətə izləyə bilirsən. Bu, tamaşaçı davranışını dəyişdirir. Teatr isə tamamilə başqa bir model təklif edir: insan evdən çıxmalıdır, yol getməlidir, bilet almalıdır, müəyyən saatda tamaşa zalında olmalıdır və tamaşa başlayandan sonra onu dayandırmaq imkanına malik deyil. Yəni rəqəmsal platformaların əsas üstünlüyü yalnız məzmun deyil, rahatlıq və seçim azadlığıdır”.
Lakin onun sözlərinə görə, teatrı rəqəmsal platformalarla tam müqayisə etmək də düzgün deyil:
“Çünki teatrın verdiyi şey sadəcə “film izləmək” deyil. Teatr canlı hadisədir. Aktyor həmin anda qarşınızdadır. Onun nəfəsini, səsini, reaksiyasını, zalın atmosferini hiss edirsiniz. Tamaşaçı da prosesin bir hissəsinə çevrilir. Eyni tamaşanı eyni aktyor heyəti ilə iki fərqli axşam izləsəniz belə, təcrübə tamamilə eyni olmaya bilər. Bu səbəbdən araşdırmalar göstərir ki, rəqəmsal teatr və canlı teatr mütləq bir-birinin əvəzedicisi deyil. Məsələn, Avstraliyada aparılmış araşdırmada onlayn teatr izləyənlərin böyük hissəsinin canlı teatra da getdiyi, tamaşaçıların onlayn formatı əsasən rahat və əlçatan hesab etdiyi, lakin canlı teatrın verdiyi çoxhissəli təcrübəni tam əvəz etmədiyini bildirdiyi qeyd olunur.
Daha maraqlısı isə 2026-cı ildə Böyük Britaniyada “National Theatre” üçün aparılmış araşdırmadır. 5 500-dən çox respondent arasında eyni tamaşanı canlı, kinoteatrda çəkiliş formasında və ya streaming vasitəsilə izləmək seçimi verildikdə 89 faiz canlı variantı seçib. Filmləşdirilmiş teatrı izləyənlərin 93 faizi isə eyni zamanda canlı teatra da gedirdi. Respondentlərin 60 faizi rəqəmsal variantların ümumilikdə daha çox teatr məzmunu istehlak etmələrinə səbəb olduğunu bildirib. Bu, çox mühüm nəticədir: rəqəmsal platforma hər zaman teatrın düşməni deyil, bəzən teatra tamaşaçı gətirən “giriş qapısı” da ola bilər”.
Teatrşünas qeyd edib ki, 2025-ci ildə Çin teatr tamaşaçıları ilə bağlı aparılan araşdırma da sosial media marketinqinin və rəqəmsal hekayələndirmənin tamaşaya marağın formalaşmasına təsir göstərə bildiyini göstərir:
“Məncə, əsas təhlükə platformaların özündən daha böyükdür. Burada çox vacib bir məqam var. Əgər tamaşaçı teatra getməyə səbəb görmürsə, problem təkcə “Netflix” kimi rəqəmsal platformalar deyil. Çünki insanın vaxtı məhduddur və teatr həmin vaxt üçün ona xüsusi bir dəyər təqdim etməlidir. “İki saat oturub tamaşa izləyəcəyəm” deməklə “iki saat ərzində xüsusi bir hadisənin iştirakçısı olacağam” demək arasında böyük fərq var.
Teatr özünü sadəcə tamaşanın göstərildiyi məkan kimi yox, mədəni və sosial təcrübə məkanı kimi təqdim etməlidir. Bunun üçün isə repertuar, aktyor oyunu, rejissor yanaşması ilə yanaşı, marketinq, sosial media, bilet sistemi, tamaşaçı ilə kommunikasiya və gənclərə çıxış da mühüm əhəmiyyət daşıyır. ““Netflix” gəldi, insanlar teatrdan uzaqlaşdı” demək çox doğru yanaşma deyil. yanaşma olar. Belə platformalar insanların asudə vaxt keçirmək vərdişlərini dəyişib və rahat, ucuz, əlçatan əyləncə alternativlərini artırıb”.
Xəyalə Rəis əlavə edib ki, bu dəyişiklik teatr üçün rəqabət mühitini çətinləşdirə bilər:
“Lakin canlı teatrın mahiyyəti streamingdən fərqlidir və rəqəmsal platformalar düzgün istifadə edildikdə teatr üçün yeni tamaşaçıların cəlb olunmasına da xidmət edə bilər. Azərbaycandakı son statistikada dövlət teatrlarının tamaşaçı sayında azalma görünür, amma həmin azalmanı yalnız streaming platformaları ilə izah etmək üçün kifayət qədər dəlil yoxdur.
Eyni statistikada tamaşaların və yeni quruluşların sayının da azalması göstərilir. Əsl sual bəlkə də “rəqəmsal platformalar teatra olan marağı azaldırmı?” deyil. Əsl sual budur: müasir insanın evində yüzlərlə seçim olduğu bir dövrdə teatr ona hansı təcrübəni verməlidir ki, o, telefonu kənara qoyub evdən çıxsın, bilet alsın və həmin axşamı teatrda keçirsin? Məhz teatrın gələcəyi bu suala veriləcək cavabdan çox asılıdır”.
Elmir Mustafa

