Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Legiya" ötən gecə növbəti oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, varşavalılar Polşa Kubokunun 1/8 final mərhələsi çərçivəsində "Motor" ilə qarşılaşıb.
Lyublina şəhər stadionunda baş tutan oyun Bakı vaxtı ilə saat 23:00-da start götürüb.
Varşava təmsilçisi 14-cü dəqiqədə hesabda geri düşüb. Qarşılaşmanın 27-ci dəqiqəsində isə "Motor" tərəfdarları pirotexniki vasitələrdən istifadə etdikləri üçün stadion tüstüyə qərq olub. Nəticədə referi görüşü yarımçıq dayandırıb və görüntü problemi aradan qalxandan sonra davam etdirib.
Mahir matça start "11-lik"də başlamayıb. Azərbaycanlı forvard fasilədən sonra - komandası hesabda geri olarkən meydana buraxılıb. Məhz Emreli oyuna qoşulandan sonra 2 qol vuran "Legiya" əzmkar qələbə qazanıb və 1/4 finala yüksəlib.
Mahirin komandası növbəti mərhələdə "Arka Qdınya" ilə üz-üzə gələcək.