Psixoloqlar şəxsi sərhədləri pozan 7 nəzakətli ifadəni açıqladı

MARAQLI
23:13 / 17.11.2026
43

İnsanlar bəzən qarşı tərəfi incitməmək və mübahisədən qaçmaq üçün öz hisslərini arxa plana keçirirlər. Gündəlik ünsiyyətdə tez-tez işlədilən bəzi nəzakətli ifadələr isə zamanla insanın şəxsi sərhədlərini zəiflədə, narazılıqlarını gizlətməsinə və emosional gərginlik yaşamasına səbəb ola bilər.

HİT.az xəbər verir ki, bu barədə “Grazia” jurnalı məlumat yayıb.

Mütəxəssislərin fikrincə, şəxsi sərhədlər başqalarının davranışlarına nəzarət etmək deyil, insanın nəyə razı olduğunu, hansı məsuliyyəti üzərinə götürə biləcəyini və nələri qəbul etmədiyini müəyyənləşdirməsidir. Bu baxımdan gündəlik danışıqda seçilən sözlər mühüm rol oynayır.

Psixoloqların diqqət çəkdiyi yeddi ifadə bunlardır:

1. “Narahat olma”

Bu ifadə qarşı tərəfin üzr istəməsinə və ya etdiyi səhvi etiraf etməsinə cavab olaraq işlədilir. Lakin insan əslində incik olduğu halda “narahat olma” deməklə öz hisslərini əhəmiyyətsizləşdirə bilər. Mütəxəssislər bunun əvəzinə “Üzr istədiyin üçün sağ ol, amma növbəti dəfə belə olmasını istəmirəm” deməyi məsləhət görürlər.

2. “Hər şey qaydasındadır”

İnsan daxilən narahat olduğu halda bu ifadədən istifadə edirsə, əsl hisslərini gizlətmiş olur. Daha doğru yanaşma narazılığı etiraf etmək və danışmağa hazır olmadıqda bunu açıq bildirməkdir. Məsələn, “Hazırda özümü yaxşı hiss etmirəm, bu barədə sonra danışmaq istəyirəm”.

3. “Özüm həll edərəm”

Bu ifadə müstəqillik təsiri bağışlasa da, bəzən insanın üzərinə həddindən artıq məsuliyyət götürməsinə gətirib çıxarır. Xüsusilə iş və ailə münasibətlərində başqalarının öhdəliklərini də öz üzərinə götürmək emosional tükənməyə səbəb ola bilər. Psixoloqlar imkan daxilində məsuliyyətin bölüşdürülməsini tövsiyə edirlər.

4. “Mənə qulaq asma”

İnsan öz fikrini ifadə etdikdən sonra bu cümləni işlətməklə dediklərinin əhəmiyyətini azalda bilər. Bu isə zamanla onun fikirlərinə münasibətə də təsir göstərə bilər. Bunun əvəzinə “Bu, mənim baxışımdır, sənin fikrini də eşitmək istəyirəm” demək daha məqsədəuyğundur.

5. “İmtina etsəm, vicdan əzabı çəkərəm”

Bu ifadə insanın başqalarını məyus etməmək naminə öz ehtiyaclarından imtina etdiyini göstərə bilər. Halbuki hər xahişə razılıq vermək məcburiyyətində deyil. Mütəxəssislər insanın öz imkanlarını nəzərə alaraq nəzakətlə “yox” deməsinin vacibliyini vurğulayırlar.

6. “Sənə borcluyam”

Bu ifadə ilk baxışda minnətdarlıq əlaməti kimi səslənsə də, gələcəkdə insanın özünü qarşı tərəf qarşısında öhdəlikli hiss etməsinə səbəb ola bilər. Buna görə də təşəkkürü əlavə vədlər vermədən ifadə etmək tövsiyə olunur. “Mənə kömək etdiyin üçün çox sağ ol” demək kifayətdir.

7. “Boş ver, unut getsin”

Problemdən yayınmağın ən geniş yayılmış formalarından biri hesab edilən bu ifadə müvəqqəti rahatlıq yaratsa da, narazılığın aradan qalxmasına kömək etmir. Həll edilməyən problemlər zamanla inciklik və stress yarada bilər. Psixoloqlar məsələni tamamilə kənara qoymaq əvəzinə, sakitləşdikdən sonra müzakirəyə qayıtmağı məsləhət görürlər.

Mütəxəssislər hesab edirlər ki, sağlam şəxsi sərhədlər qurmaq üçün insan öz hisslərini kiçiltməməli, ehtiyaclarını açıq ifadə etməli və hər kəsi razı salmaq məsuliyyətini üzərinə götürməməlidir. Nəzakətli olmaq öz maraqlarından daim imtina etmək demək deyil.

Samir

0