Almaniyanın lüks idman avtomobilləri istehsalçısı “Mercedes-AMG”nin 59 illik tarixində sıfırdan layihələndirdiyi ilk böyük ölçülü tam elektrikli SUV modeli olan “Mercedes-AMG GT SUV” avtomobil bazarında böyük maraqla qarşılanıb.
Hit.az xəbər verir ki, markanın ən yeni elektrik texnologiyalarını özündə birləşdirən super-krossover həm rekord güc göstəriciləri, həm də sürətli enerji dolumu ilə seqmentində standartları yenidən müəyyənləşdirir.
Yeni “Mercedes-AMG GT SUV” alıcılara 3 fərqli güc və mühərrik konfiqurasiyasında təklif olunur:
* GT 53 SUV (Giriş versiyası): İki sinxron elektrik mühərriki ilə təchiz olunub və 400 кVt (544 at gücü) hasil edir.
* GT 55 SUV (Orta versiya): Üç oxlu axınlı mühərrik sistemi sayəsində 600 кVt (816 at gücü) güc təmin edir.
* GT 63 SUV (Flaqman versiya): Seriyanın ən güclü modifikasiyası olan bu model üç mühərriklə toplam 860 кVt (1169 at gücü) və 2 000 Nm fırlanma anı hasil edərək sinfindəki ən yüksək göstəricilərdən birinə imza atır. Avtomobil 0-dan 100 km/saat sürəti cəmi 2,5 saniyəyə yığır.
Həm “GT 55”, həm də “GT 63” versiyaları xüsusi “sürücü paketi” ilə saatda 270 kilometr maksimal sürətə çata bilir. Bundan əlavə, flaqman “GT 63” modelində “AMG ACTIVE RIDE CONTROL+” aktiv asqı sistemi və karbon-keramika əyləclər standart təchizat kimi, “GT 55”də isə aktiv asqı əlavə opsiya kimi təqdim olunur.
Həmçinin, nəqliyyat vasitəsi dördqapılı elektrikli “AMG GT” ilə eyni olan xüsusi “AMG.EA” platforması üzərində inşa edilib. Üstəlik, 800 voltluk elektrik sisteminə və birbaşa soyudulan silindrik batareya hüceyrələrinə malik avtomobil iki batareya seçimi ilə gəlir:
* 106 кVt/saatlıq batareya: “GT 53” versiyasında tətbiq olunur və 600 кVt-a qədər sürətli şarjı dəstəkləyir.
* 128 кVt/saatlıq böyük batareya: “GT 55” və “GT 63” versiyalarında yer alır və rekord sayılacaq 710 кVt şarj gücünü qəbul edə bilir.
İstehsalçının rəsmi məlumatlarına əsasən, böyük batareyalı versiyalar 800 voltluq yüksək güclü şarj stansiyalarında cəmi 10 dəqiqəlik enerji dolumu ilə “WLTP” standartlarına uyğun 450 kilometrə qədər əlavə yürüş məsafəsi qazana bilir. Ümumi yürüş məsafəsi isə 700 kilometrə çatır.
Qeyd edək ki, modelin Avropa bazarında (Almaniyada) sifarişlərinin qəbuluna artıq start verilib. Seriyanın giriş versiyası olan “AMG GT 53 SUV” modelinin başlanğıc qiyməti 113 050 avro olaraq müəyyənləşdirilib. Digər komplektasiyaların qlobal bazarlara mərhələli şəkildə 2027-ci ildə çatdırılması planlaşdırılır.
Pərviz








