İrəvanda separatçı simvollar nümayiş etdirildi - UEFA hansı cəzanı verəcək?

İDMAN
10:12 / 13.11.2026
44

İrəvanda keçirilən Ermənistan-Kipr futbol matçı zamanı azarkeşlər Azərbaycan ərazilərində bir müddət mövcud olmuş qondarma separatçı rejimin bayrağını qaldırıblar.

Bununla yanaşı, tribunada “Artsax unudulmayıb” yazılmış plakat da nümayiş etdirilib.

Bu barədə Ermənistan mediasında və sosial şəbəkələrdə görüntülər yayılıb.

Hadisə noyabrın 12-də İrəvanda, UEFA Millətlər Liqasının C2 qrupu çərçivəsində keçirilən Ermənistan-Kipr qarşılaşması zamanı baş verib. Oyun 1:1 hesabı ilə başa çatıb.

Baş verən hadisə futbol matçında separatçı qurumun simvollarının nümayiş etdirilməsi idman tədbirindən siyasi məqsədlər üçün istifadə olunması məsələsini yenidən gündəmə gətirir. Söhbət Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində uzun müddət fəaliyyət göstərmiş, lakin Azərbaycanın suverenliyinin bərpasından sonra mövcudluğuna son qoyulmuş qondarma separatçı rejimin rəmzlərindən gedir.

Belə simvolların beynəlxalq idman yarışlarında nümayiş etdirilməsi yalnız idman prinsiplərinə deyil, həm də UEFA-nın siyasi mesajlarla bağlı müəyyən etdiyi qaydalara münasibətdə suallar yaradır.

UEFA-nın Təhlükəsizlik və Təhlükəsizlik Qaydalarının 44-cü maddəsinə əsasən, stadion daxilində və onun bilavasitə yaxınlığında matçdan əvvəl, oyun zamanı və sonra siyasi mesajların və siyasi xarakterli aksiyaların təşviqi qadağandır. UEFA-nın intizam qaydalarında da idman tədbirinə uyğun olmayan, xüsusilə siyasi, ideoloji, dini və təxribat xarakterli mesajların nümayişinə görə tədbirlər nəzərdə tutulur.

UEFA-nın əvvəlki qərarları da bu məsələdə intizam mexanizminin tətbiq olunduğunu göstərir. Belə ki, 2023-cü ilin sentyabrında Rumıniya-Kosovo matçında “Kosovo Serbiyadır” məzmunlu plakat və siyasi şüarlar nümayiş etdirildiyinə görə Rumıniya Futbol Federasiyası 40 min avro cərimələnib, növbəti ev oyununu azarkeşsiz keçirmək qərarı verilib.

2024-cü ilin aprelində “Brügge”-PAOK qarşılaşmasında siyasi xarakterli təxribatçı mesajlara görə isə PAOK klubu 20 min avro cərimələnib.

Bu nümunələr göstərir ki, UEFA futbol tribunalarının siyasi təbliğat və mübahisəli simvolların nümayişi üçün istifadə edilməsinə görə intizam tədbirləri tətbiq edə bilir.

İrəvandakı qarşılaşmada baş verən hadisənin də UEFA tərəfindən araşdırılması, stadionda nümayiş etdirilən bayraq və plakatın təşkilatın qaydalarını pozduğu fiksə edilməlkidir. Müvafiq pozuntuya görə, Ermənistanı ev sahibi tərəf kimi pul cəriməsi və azarkeşsiz matç cəzaları gözləyə bilər.

Mənbə: Trend.az

0