Ötən mövsüm Azərbaycanı UEFA Çempionlar Liqasında layiqincə təmsil edən "Qarabağ"ın heyətində ciddi dəyişikliklər olacağı öncədən bəlli idi.
Qitənin ən nüfuzlu turnirinə iştirak xatirinə qatılmadığını inanılmaz nəticələrlə isbatlayan "köhlənlər"in bu qədər parlaq performansla diqqət çəkəcəyini ən nikbin azarkeş belə, ağlından keçirməyə cəsarət etmirdi. Lakin ölkə futbolunun cığıraçanı nəyə qadir olduğunu növbəti dəfə ortaya qoydu və yerli futbolsevərlərin ürəyini dağa döndərdi.
"Benfika"nı Portuqaliyada yenən (3:2), "Ayntraxt" (3:2) və "Kopenhagen"i (2:0) Bakıda üzən Ağdam komandasının Tofiq Bəhramov adına Respublika stadionunda "Çelsi" ilə məhsuldar bərabərliyə (2:2) razılaşması, Avropanın 24 ən güclü klubundan biri qismində pley-offa yüksəlməsi həqiqətən nağılabənzər reallıq idi.
Hə, daxili birincilikdə "Sabah"ın hakimlərin köməyi ilə tarixinin ilk çempionluğuna qovuşduğunu iddia edənlər çoxdur. Çoxdursa, ittihamlarda həqiqət payı da az deyil. Əlbəttə, ÇL-də böyük enerji xərcləyən "köhlənlər"i bütün imkanlarından faydalanaraq qabaqlamağı bacaran "bayquşlar"ın bu titulu haqq etdiyini qitəmiqyaslı turnirdə sübuta yetirməsini də hamımız arzulayırıq. "Qarabağ" isə UEFA Avropa Liqasında mübarizəyə hazırlaşır. Əvvəllər dəfələrlə sözügedən turnirin əsas mərhələsində oynamış Azərbaycan klubunun heyətindəki islahatların qarışıq fikirlərə meydan verməsi başadüşüləndir. Bəs görəsən mövcud vəziyyət bədbinliyə qapılmağa əsas verirmi?
Gələnlər gedənlərdən üstündür
Komandanı 8 oyunçunun tərk etməsi diqqətçəkən məqamdır. Xüsusilə, 3 aparıcı futbolçunun - mərkəz müdafiəçisi Kevin Medinanın, vinger Leandro Andradenin və universallığı ilə seçilən cinah müdafiəçisi Toral Bayramovun "ağ-göylər"lə vidalaşması fanatların ürəyinə şübhə toxumu səpir. Hərçənd bu yay 6 legionerin heyətə cəlb olunduğunu da vurğulamaq vacibdir. Üstəlik, komandanın döyünən ürəyi sayılan braziliyalı dayaq yarımmüdafiəçisi Pedro Bikalyonun yeni 3 illik müqaviləyə imza atması da faktdır. Yəni bütün hallarda, gələnlər gedənlərdən üsütndür və bu, irəli atılan addım qismində dəyərləndirilməlidir.
Gələnlər: Jali Muaddib ("Omoniya", Kipr), Zakaria Savo ("Yurqorden", İsveç), Samuel Lobato ("Portimonense”, Portuqaliya"), Bruno Lanqa (“Almeriya”, İspaniya), Martin Zlomisliç ("Riyeka", Xorvatiya), Renaldo Sefas ( “Pari Nijni Novqorod”, Rusiya).
Gedənlər: Emmanuel Addai, Ramil Şeydayev, Sami Mmae (icarədən qayıdıb), Toral Bayramov ("Bursaspor", Türkiyə), Kevin Medina, Fabian Buntiç, Amin Ramazanov, Leandro Andrade (“Polesye”, Ukrayna).
Müqavilə müddətini artıranlar: Pedro Bikalyo, Bədavi Hüseynov.
Yoxlama oyunları göstərici deyil
Avropa Liqasının 1-ci təsnifat mərhələsində İslandiyanın "Vestri" komandası ilə üz-üzə gələcək "Qarabağ"ın hazırlıq dönəmində keçirdiyi yoxlama oyunlarındakı nəticələri əsas götürməyə dəyməz. Toplanışa Bakıda başlayan, "Zirə" ilə sınaq matçından (4:3) sonra Avstriyaya yola düşən kollektivin orada yerli "Tirol"u darmadağın etməsi (4:0) və ya hazırlığın son günündə iki müxtəlif heyətlə "Xarkov" (2:6) və "Ferentsvaroş"a (0:1) uduzması heç nəyi dəyişmir. Əminliklə söyləmək olar ki, qitəmiqyaslı turnirlərdə "Ferentsvaroş"u qapazaltıya çevirmiş Azərbaycan komandasının baş məşqçisi Qurban Qurbanov sınaq qarşılaşmalarında nəticə yox, çatışmazlıqları görmək və aradan qaldırmaq barədə düşünüb.
Oyundan-oyuna düzələcək
Hə, Medinanın yoxluğu, ÇL-də kolumbiyalı ilə birlikdə müdafiənin mərkəzində yer alan Bəhlul Mustafazadənin zədə səbəbindən kənarda qalması "arxa cəbhə" üçün həyəcan təbilidir. Məlum məsələdir ki, bu mövqedə çıxış edən futbolçuların səviyyəsi ilə yanaşı, bir-birinə uyğunlaşması da şərtdir. Bəlli, Qurbanov özü də indiki gerçəkliyin fərqindədir və "Vestri"yə qarşı iyulun 9-da Bakıda baş tutacaq oyunda mümkün olanın ən yaxşısını etməyə çalışacaq.
Xətlərarası əlaqənin daha yüksək səviyyəyə çatması, yenilərin komandanın oyun modelinə tam şəkildə uyğunlaşması isə zamanla qaydasına düşəcək məsələlərdir. Böyük ehtimalla, bu da oyundan-oyuna düzələcək. Bizə səbirsizliklə gözləmək və yenilənmiş "Qarabağ"ın yeni uğurlarına sevinməyi arzulamaq qalır. Hər şey plan üzrə gedirsə, ən yaxşısına ümid etmək haqqımızdır.
Nihat Ağasoy


