Rusiya və ABŞ ilin sonunadək daha bir-iki saziş imzalaya bilər

DÜNYA
16:30 / 27.10.2026
60

Rusiya ilə ABŞ arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində yeni razılaşmaların əldə olunacağı gözlənilir. Tərəflər ilin sonunadək dizel yanacağı ilə bağlı razılaşmaya əlavə olaraq daha bir və ya iki birgə layihə üzrə saziş imzalaya bilərlər.

HİT.az  xəbər verir ki, Fransanın “Le Monde” nəşrinin yaydığı məlumata görə, bu barədə Moskvada fəaliyyət göstərən Amerika-Rusiya Ticarət Palatasının idarəedici direktoru Robert Eycinin İstanbulda keçirilən Avrasiya iqtisadi forumunda çıxışı zamanı bildirilib.

Eycinin sözlərinə görə, Rusiyaya qarşı tətbiq olunan sanksiyalar Amerika şirkətlərinə zərər vurub, Çin şirkətlərinə isə əlavə imkanlar yaradıb. O hesab edir ki, ABŞ Prezidenti Donald Tramp da bu vəziyyətin iqtisadi nəticələrini anlamağa başlayıb.

Rusiya Prezidenti Vladimir Putinə yaxınlığı ilə tanınan Kirill Dmitriyev də Moskva ilə Vaşinqton arasında iqtisadi əməkdaşlığın bərpasının qaçılmaz olduğunu bildirib. Onun iddiasına görə, Tramp administrasiyasının nümayəndələri Rusiya ilə əlaqələrin ABŞ-ın milli maraqları baxımından əhəmiyyətini getdikcə daha yaxşı anlayırlar.

Dmitriyev sentyabrın 5-də ABŞ prezidentinin nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə danışdığını da açıqlayıb. O, hər iki şəxsin tərəflər arasında real kompromislərin tapılmasında mühüm rol oynadığını qeyd edib.

Rusiya tərəfi iqtisadi əlaqələrin Avropa ölkələri ilə də genişləndirilməsində maraqlıdır. Dmitriyevin sözlərinə görə, Fransa şirkətləri də daxil olmaqla bəzi Avropa müəssisələri müzakirə olunan Rusiya-ABŞ layihələrinə qoşulmaq imkanları ilə maraqlanırlar.

O, Moskva ilə münasibətlərin yaxşılaşdırılmasını dəstəkləyən siyasi qüvvələrin bu prosesə töhfə verə biləcəyini iddia edib. Dmitriyev dekabrda Almaniyanın sağçı populist “Almaniya üçün Alternativ” (AfD) partiyasının nümayəndələrini Moskvaya dəvət etməyi planlaşdırır. Səfərin 2027-ci ilin ikinci rübündə Rusiyada keçirilməsi nəzərdə tutulan iqtisadi forumun hazırlıqları çərçivəsində təşkil olunacağı bildirilir.

Nəşrin məlumatına görə, ABŞ nümayəndələri Rusiya ilə müharibədən sonrakı iqtisadi əməkdaşlıq çərçivəsində enerji əlaqələrinin bərpası imkanlarını da müzakirə ediblər. Bu məsələlər arasında Rusiya nefti və qazının Ukrayna ərazisindən keçməklə Avropaya nəqlinin yenidən başlanması təklifi də yer alıb.

Samir
 

0