"Qarabağ" onun üçün Şotlandiya klubundan 3,8 milyon istəyir

İDMAN
15:35 / 05.07.2026
53

Şotlandiyanın "Seltik" klubu "Qarabağ"ın hücumçusu Kamilo Duranı transfer etməyə yaxındır. 

Qaynarinfo bu barədə "Daily Record" nəşrinə istinadla xəbər verir.

Lakin xəbərlərə görə, Qlazqo təmsilçisinin 1,7 milyon funt-sterlinqlik (3,85 milyon manat) ilkin təklifi Azərbaycan çempionu tərəfindən rədd edilib. "Qarabağ" futbolçunun transferi üçün 3 milyon funt-sterlinqə (6,8 milyon manat) yaxın məbləğ tələb edir.

Kolumbiyalı hücumçu ötən mövsüm UEFA Çempionlar Liqasında beş qol vuraraq diqqətləri üzərinə çəkib və "Seltik"in skautlarının maraq dairəsinə düşüb. Hazırda 24 yaşı olan Duran karyerası ərzində müxtəlif klublarda çıxış edib. O, əvvəlcə vətəninin "İndependyente Medellin" klubunda oynayıb, daha sonra Braziliyanın "Flamenqo" klubunda icarə əsasında forma geyinib.

Sonradan Portuqaliyanın ikinci liqasında üç müxtəlif klubun heyətində çıxış edən futbolçu daha sonra "Qarabağ"a transfer olunub və burada uğurlu çıxışı ilə seçilib. Azərbaycan klubu onun satışından ölkə çempionatının rekord transfer gəlirini əldə etməyi hədəfləyir.

Duranın "İndependyente Medellin"dəki keçmiş məşqçisi Sebastyan Botero bildirib ki, futbolçu zəhmətinin bəhrəsini indi görür: "Kamilo həmişə bir qədər üsyankar xarakterə malik olub. Məhz buna görə də təzyiq onu zəiflətmir, əksinə, daha da gücləndirir. Hər şeyin onun əleyhinə olduğu göründükdə belə, vəziyyəti öz xeyrinə dəyişmək üçün əlindən gələni edir. Kluba ilk gəldiyi vaxt yarımmüdafiəçi idi, lakin qısa müddət sonra onu hücumçu mövqeyinə keçirdik və bu mövqedə özünü daha yaxşı göstərdi. Kamilo güclü xarakterə və özünəinamlı şəxsiyyətə malikdir. Bu, xüsusilə qol epizodlarını soyuqqanlılıqla tamamlamasında özünü göstərir. Kolumbiyanın onun yetişdiyi bölgəsindən olan futbolçuların əsas xüsusiyyətlərindən biri də məhz budur. Onlar ətraf mühitin təsirinə asanlıqla məruz qalmırlar. O, təzyiqi təbii şəkildə idarə etməyi bacarır və bu, böyüdüyü şəraitlə sıx bağlıdır. Kamilo çətin bir məhəllədə doğulub və çox erkən yaşlarından həyatın sərt reallıqları ilə üzləşib. O, istedadlı idi, lakin eyni zamanda çox dəcəl və üsyankar uşaq olub. Bu isə yaşadığı məhəllədə narkotik və cinayətkar dəstələrin təsiri altında böyüməsinin nəticəsi idi. Hər kəslə dava etməyi sevən, tez özündən çıxan bir uşaq idi. Lakin futbol akademiyasına qoşulduqdan sonra həyatı dəyişdi. Daha sonra "Flamenqo"ya icarəyə göndərildi və zədə almasaydı, Braziliya klubu onunla daimi müqavilə bağlayacaqdı. Buna baxmayaraq, o, çətinliklərdən sonra yenidən ayağa qalxdı və futbol oynamaq üçün Portuqaliyaya yollandı".

Kolumbiyanın Santa Marta şəhərində anadan olan Duran gənc yaşlarında Braziliyanın "Flamenqo" klubunun akademiyasında çıxış edib. Lakin o, əsas komandanın heyətində debüt edə bilməyib. Daha sonra futbolçu Portuqaliyanın "Luzitaniya", "Eştrela da Amadora" və "Portimonense" klublarında forma geyinib. O, ötən ilin yayında Azərbaycanın "Qarabağ" klubuna transfer olunub. 178 santimetr boya malik olan futbolçu sol ayaqlıdır. O, həm mərkəz hücumçusu, həm də hücumun hər iki cinahında çıxış edə bilir.

Duran ötən mövsüm Azərbaycan Premyer Liqasında 30 oyuna çıxıb və bunların 20-sinə start heyətində başlayıb. Bu müddətdə 9 qol vurub, 5 məhsuldar ötürmə edib. Duran ən çox diqqəti UEFA Çempionlar Liqasındakı çıxışı ilə cəlb edib. O, turnirdə debüt matçında "Benfika" ilə qarşılaşmada bir qol vurub və bir məhsuldar ötürmə ilə yadda qalıb. Ümumilikdə isə turnir ərzində hesabına 5 qol və 1 məhsuldar ötürmə yazdırıb.
 

0