Ötən gün Dünya Çempionatında daha bir unudulmaz oyun keçirilib.
Hit.az xəbər verir ki, olduqca maraqlı keçən matçda Argentina Misiri 3-2 hesabı ilə məğlub edib.
Argentinadan geridönüş
Əslində, Misir oyuna çox yaxşı başlayıb və hesabda 2-0 önə keçib. Hətta 1 qolları da sayılmayıb. Yəni kifayət qədər yaxşı oynamaqlarına baxmayaraq, üstünlüklərini qoruya bilməyiblər və son dəqiqələrdə buraxdıqları qollarla 3-2 məğlub olublar. Super ulduz Leo Messi göstərdiyi möhtəşəm performansla komandasının tarixi qələbəsində əsas rolu oynayıb. Bununla da Argentina 1/4 final mərhələsinə yüksəlib. Onlar, sözügedən mərhələdə İsveçrə ilə qarşılaşacaqlar.
Oyunun statistikaları
Argentina topla oynamada 64-36 faiz nisbəti ilə rəqibini xeyli üstələyib. Onlar, qapıya zərbələrdə də öndə olublar: 19-5. Dəqiq pas ötürmələrində də göstərici dəyişməyib: 602-349. Misir qapıçısı 4 dəfə komandasını qoldan xilas edib. Messinin bir zərbəsi isə dirəkdən qayıdıb.
Messidən əvvəlcə antirekord
Messi ötən axşam oyunun 21-ci dəqiqəsində penaltidən fərqlənə bilməyib. Bununla da argentinalı ulduz eyni mundialda 2 dəfə penalti qaçırıb. O, bunu edən ilk futbolçu kimi antirekorda imza atıb.
Sonra isə rekordlar
1 qol, 1 məhsuldar ötürmə ilə geridönüşün memarı olan Leo Messi oyunun ən yaxşısı seçilib. O, vurduğu mundiallarda vurduğu qolların ümumi sayını isə 21-ə çatdırıb. Super ulduzun ötürmə sayı isə 9-a yüksəlib. Beləliklə, Messi dünya çempionatları tarixində ən çox assist edən futbolçu olub. O, 8 assisti olan Dieqo Maradonanı geridə qoyub.
Leo hazırda mundial tarixinin ən çox qol vuran və ən çox məhsuldar ötürmə edən futbolçusudur. Üstəlik, 39 yaşlı hücumçu Dünya Çempionatında meydana çıxdığı 5 matçın 4-də ən yaxşı seçilib.
Elmir Mustafa


