Yağışlı hava yoluxma sayına necə təsir edəcək? - RƏYLƏR

ÖLKƏ
12:21 / 17.08.2020
852

Bu gün səhər saatlarından başlayan yağış artıq bir neçə saatdır davam edir. Avqust ayı ərzində havanın nisbətən sərin keçəcəyi və yağışlı olacağı açıqlanıb.

“MediaPost” belə hava şəraitinin koronavirusa yoluxmaların sayına necə təsir edəcəyi ilə bağlı mütəxəssislərin fikirlərini öyrənib.

Respublikanın Baş infeksionisti Cəlal İsayev bildirib ki, hava şəraitinin epidemioloji vəziyyətə təsiri haqda deyilənlər doğru olmaya bilər:

“Əvvəllər deyirdilər ki, koronavirus isti havada məhv olur, buna görə də yoluxmalar azalacaq. Amma gördüyünüz kimi yoluxmalar artdı. Hələlik havaların yağışlı keçməsinin də yoluxma sayına elə bir təsiri yoxdur”.

Tibb eksperti, professor Adil Qeybulla yağışlı havanın epidemioloji vəziyyətə müsbət təsir göstərə biləcəyini söyləyib:

“Əslində yağış yağan zaman havada olan damcılar virusu çökdürür, havanı nisbətən təmizləyir. Yağışlı havanın bir üstünlüyü var ki, insanlar sərbəst, sosial məsafəni pozaraq gəzmirlər. Bu baxımdan yaxşıdır. Amma ictimai nəqliyyatda nəzarət gücləndirilməlidir. Çünki yağışlı hava xüsusilə ictimai nəqliyyatın işini ağırlaşdırır. Bu gün ən böyük problem ictimai nəqliyyatdır”. 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Yoluxucu xəstəliklər üzrə İşçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev də yağışın təsirli olmadığını deyib:

“Yağışlı havaların yoluxma sayının artmasına səbəb olması ilə bağlı məlumat yoxdur. Yəni yağışlı havanın hər hansı bir təhlükəsi yoxdur”.

0