Amerika ağ kəpənəyinə qarşı necə mübarizə aparaq? - AÇIQLAMA

ÖLKƏ
14:45 / 30.06.2026
261

Son günlərdə Azərbaycanda Amerika ağ kəpənəyi geniş yayılıb.

Başda paytaxt Bakı olmaqla, bir çox regionda onlara rast gəlmək mümkündür. Adıçəkilən həşarat kəpənək olana qədər qurd formasında ağaclara yayılır. Onlar tor ataraq olduqları budağın yanmasına səbəb olurlar, üzərindəki yarpaqları isə yeyirlər. 

Beləliklə, ağaclar və məhsullar ziyan olur. Düzdür, Amerika ağ kəpənəyinin insan sağlamlığına hər hansısa zərəri yoxdur. Lakin onların 120-dən çox bitki və ağac növü ilə qidalandığı məlumdur. Onların yayıldığı ərazilərdə isə ağaclar sürətlə quruyur. 

Bəs Amerika ağ kəpənəyinə qarşı necə mübarizə aparmaq lazımdır?

Mövzu ilə bağlı qida məsələləri üzrə ekspert İlkin Şirinov Hit.az-a açıqlama verib.

O bildirib ki, son günlərdə Amerika ağ kəpənəyinin ölkə üzrə yayılması müşahidə olunur:
“Adıçəkilən həşaratlar sadəcə bağda, bostanda deyil, həyətyanı sahələrdəki bitkilərə və ağaclara da ziyan vurur. Təəssüf ki, onların zərəri meyvə-tərəvəzlərin yetişməsinə də ciddi problemlər yarada bilir.

İlkin xilas yolu isə həmin qurdların qarşısını almaq üçün onların torlaşdırdığı budaqları kəsib atmaq lazımdır. Lakin çox vaxt bu da bəs etmir. Ona görə də ən yaxşı həll yolu kimyəvi pestisidlərdən istifadəsidir. Kimyəvi pestisidlərdən istifadə etmək üçün də mütəxəssisin rəyi və iştirakı ilə həyata keçirilməlidir”.

Ekspert qeyd edib ki, Amerika ağ kəpənəyi bazarda bəzi meyvə-tərəvəzlərin azalmasına səbəb ola bilər:
“Həmçinin, bazarlarda qiymətlərin bəzi işbazlar tərəfindən süni şəkildə artırılması da gözlənilir. Bütün bunların qarşısını almaq üçün kənd təsərrüfatlarında dərmanlama prosesi həyata keçirilməlidir.

Yəni adıçəkilən həşaratların olduğu yerlərə mütəxəssislər təhlil aparmalı və zərər görmüş bitkilərin, ağacların dərmanlama prosesi icra olunmalıdır. Ancaq həmin kimyəvi maddələrin insanlara təsir etməməsi üçün dozasını dəqiq müəyyən etmək mütləqdir”.

Pərviz

0