Alimlər uğursuz münasibətləri geridə qoymağın təsirli üsulunu açıqladı

MARAQLI
23:32 / 02.07.2026
44

Polşanın SWPS Universitetinin psixoloqları müəyyən ediblər ki, ağrılı münasibət xatirələrini məntiqi və ardıcıl hekayəyə çevirmək insanların yaşadıqları təcrübəni daha tez mənalandırmasına və gələcəyə daha nikbin baxmasına kömək edə bilər.

HİT.az xəbər verir ki, tədqiqatın nəticələri "PLOS One" elmi jurnalında dərc olunub.

Araşdırmada yaxın zamanda münasibəti başa çatmış və yeni münasibətə başlamamış, yaşı 18–30 arasında olan 422 qadın iştirak edib.

İştirakçılardan ayrılıq təcrübələri barədə danışmaları istənilib. Onların bir qismi hadisələri süjet, obrazlar və səbəb-nəticə əlaqələri ilə tam bir hekayə şəklində təqdim edib. Digərləri isə yalnız ayrı-ayrı hadisələri sadalayıb və ya qısa təsvirlə kifayətləniblər. Nəzarət qrupunda olan qadınlar isə sadəcə əvvəlki münasibətləri ilə bağlı sualları cavablandırıblar.

Bir həftə sonra tədqiqatçılar iştirakçılarla yenidən əlaqə saxlayaraq onların ayrılığı necə qiymətləndirdiklərini və gələcək romantik münasibətlər barədə nə düşündüklərini öyrəniblər.

Nəticələr göstərib ki, yaşadıqlarını ardıcıl hekayəyə çevirə bilən qadınlar baş verənlərin səbəblərini daha çox təhlil edir və hadisələr arasındakı əlaqələri daha yaxşı görürdülər. Tədqiqat müəlliflərinin fikrincə, bu, emosional təcrübənin daha dərindən işlənildiyini göstərir və çətinliklərin konstruktiv şəkildə aradan qaldırılmasına kömək edə bilər.

Bundan əlavə, bu qrupun iştirakçıları gələcək barədə daha çox danışıb və nitqlərində gələcək zaman fellərindən daha tez-tez istifadə ediblər. Hekayə qura bilən qadınların cəmi 3,5 faizində yeni münasibətlər haqqında düşüncələr demək olar ki, olmayıb. Təcrübəsini ətraflı hekayəyə çevirə bilməyən qadınlar arasında isə bu göstərici 15 faizə çatıb.

Tədqiqat müəllifləri hesab edirlər ki, ağrılı xatirələrin qəhrəmanları, motivləri və qarşıya çıxan maneələri olan ardıcıl hekayəyə çevrilməsi mənfi təcrübənin yenidən qiymətləndirilməsinə və onun emosional yükünün azalmasına kömək edən səmərəli koqnitiv üsul ola bilər.

Samir
 

0