Simonyan nə üçün gedir? - EHTİMALLAR

DÜNYA
11:49 / 03.07.2026
247

Ermənistan parlamentinin sədri Alen Simonyan sürpriz qərar verib.

O, vəzifəsindən gedəcəyini açıqlayıb. Üstəlik, Simonyan deputat mandatından da imtina etdiyini bəyan edib. Bu isə şok effekti yaradıb. Çünki Alen Simonyan Baş nazir Nikol Paşinyanın ən yaxın adamlarından biridir. Belə olan halda, onun anidən belə qərar verməsi birmənalı qarşılanmayıb və müzakirələrə səbəb olub.

Maraqlıdır, Simonyan nə üçün bu qərarı verdi?

Mövzu ilə bağlı Hit.az-a açıqlama verən politoloq Züriyə Qarayeva bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın ən yaxın silahdaşlarından hesab olunan parlament sədri Alen Simonyanın həm vəzifəsindən, həm də parlament mandatından imtina etməsi ilk növbədə hakimiyyət daxilində aparılan siyasi yenilənmə ilə əlaqələndirilir: 


“Seçkilərdən sonra Paşinyan komandasını yeni siyasi mərhələyə uyğun formalaşdırmağa çalışır və bu proses çərçivəsində əsas postlarda kadr dəyişiklikləri həyata keçirilir. Simonyan açıq şəkildə bildirib ki, parlament sədri kimi fəaliyyətini davam etdirmək istəyirdi, lakin hakim partiyanın qərarına hörmət edərək geri çəkilməyi üstün tutub. Bu isə qərarın şəxsi təşəbbüsdən daha çox hakim komandanın ümumi strategiyasının tərkib hissəsi olduğunu göstərir”.

Ekspert qeyd edib ki, Simonyanın parlamentdən tamamilə ayrılması onun siyasi karyerasının başa çatması mənasına gəlmir:
“Əksinə, bu addımın gələcəkdə onun icra hakimiyyətində və ya xarici siyasətlə bağlı başqa mühüm vəzifəyə gətirilməsi ehtimalını artırdığı barədə fikirlər səslənir. Paşinyan qarşıdakı dövrdə həm Azərbaycanla sülh prosesi, həm Türkiyə ilə normallaşma, həm də Qərblə inteqrasiya kursunu davam etdirmək niyyətindədir. Bu səbəbdən hakimiyyət daxilində vəzifələrin yenidən bölüşdürülməsi Ermənistanın yeni siyasi və geosiyasi prioritetlərinə uyğun idarəetmə modelinin qurulması kimi qiymətləndirilə bilər”.

Elmir Mustafa

0